Logotype

1933-cü ildən çıxır

Xəbərlər

15.04.2023

Əmanətin etibarlı keşikçiləri

Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları qorunan obyektdən oğurluğa cəhd edən şübhəli şəxsi “iş başında” yaxalayıblar. Hadisə aprelin 13-də gecə saatlarında rayon ərazisindəki marketlərin birində baş verib.

Həmin vaxt polis serjantları Elmin Rəhimov və Elnur Məmmədzadə xidmət apardıqları əraziyə nəzarət edərkən, mərkəzləşdirilmiş mühafizə məntəqəsi vasitəsilə qorunan marketin açıq havadakı anbarına bir nəfərin hasarı aşıb daxil olduğunu görüblər.

Dərhal hadisə barədə İdarənin Növbətçi Hissəsinə və ərazi üzrə Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə məlumat verən polis əməkdaşları şübhəli şəxsin qaçmasına imkan verməyərək, onu elə anbarın içində yaxalayıblar. Polis Şöbəsində şübhəli şəxsin əvvəllər də oğurluq əməlinə görə məhkum olunmuş Cəlilabad rayon sakini S.Həmidov olduğu müəyyən edilib.

Hazırda araşdırılması 19-cu PŞ-də davam etdirilən bu hadisə, eləcə də hesabat dövrünün nəticələri barədə qəzetimizə məlumat verən Rayon Mühafizə İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Sahib Cəfərli şəxsi heyətin fiziki və peşə hazırlıqlarının artırılmasına yönələn tədbirlərin müsbət nəticələrini gördüklərini söylədi: “Əməkdaşlarımız oğurluğa cəhdlərin, digər cinayət hadisələrinin qarşısının alınmasında və yaxud xidmət zamanı ictimai asayişin qorunmasında xüsusi peşəkarlıq göstərirlər. Son hadisə zamanı da ərazidə olan polis nəfərləri eyni bacarıqları nümayiş etdiriblər”.

Qeyd edək ki, cari ilin 3 ayı ərzində idarənin əməkdaşları qorunan obyektlərdə - bu son hadisədən başqa - 2 oğurluq hadisəsinin qarşısını alıb, 2 şübhəlini isə oğurluq törətdiyi zaman yaxalanıblar.

Bu kimi cinayətləri önləmək üçün əmlak sahibləri ilə mütəmadi görüşlər keçirdiklərini qeyd edən rəis müavinin sözlərinə görə, aparılan maarifləndirici-izahedici işlər obyekt və mənzillərin mühafizəyə qəbul edilməsinə təsirsiz ötüşmür. Ümumən İdarə tərəfindən hazırda 1375 obyekt və mənzil qorunur. Bu ilin üç ayında mühafizəyə qəbul edilmə ilə bağlı 57 müqavilə imzalanıb ki, bu, ötən müvafiq dövrlə müqayisədə 12 artıq obyekt deməkdir.

Polis polkovnik-leytenantı onu da vurğuladı ki, maarifləndirmə işində onlara Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları yaxından kömək edirlər. Xüsusən bölmə və sahə rəislərilə birgə iş aparılır. Nəticə etibarı ilə müqavilə bağlamış vətəndaşların əmlakları təhlükəsizlik baxımından tam sığortalanmış olur.

Rəşad Mehtiyev,
polis baş serjantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər