Logotype

1933-cü ildən çıxır

Xəbərlər

12.04.2023

Çempion kapitan

Hər bir idmançı xarici ölkədə mənsub olduğu dövlətin təmsilçisi sayılır və çox güman, elə buna görə “idman da bir siyasətdir” deyimi ortaya çıxıb. Bu baxımdan idmançıların kimisi dəri əlcəkli, kimisi qara kəmərli... kimisi isə tatami üzərindəki “diplomatdır”.

Bu gün beynəlxalq arenalarda ölkəmizin bayraq haqqını, idman şərəfini qoruyan idmançı polis əməkdaşlarının arasında adı ilk sıralarda çəkilən ağır atletimiz Famil Məhərrəmov da bu missiyanı daşıyır. Daha doğrusu, başı üzərinə qaldırır.
Beynəlxalq yarışlardan Vətənə dönən Famillə bağlı, adətən, “çempion yol polisi” tipli xəbərlər oxumuşuq. Yəni idmanla polis peşəsinin uğurlu kombinasiyası, həm də onun ağır zəhmətinin, gərgin məşqlərinin sayəsində bu üç kəlməlik anlayışda bütünləşə bilib.

Poverliftinq üzrə 3 dəfə dünya, 3 dəfə Avropa, 5 dəfə respublika çempionu, 5 dəfə isə beynəlxalq turnirin qalibi olmuş Famil Məhərrəmovun adı heç şübhəsiz ki, yığma komandanın üzvü kimi, Azərbaycanın idman tarixində qalacaq. Ancaq Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının baş inspektoru, polis kapitanı Famil Məhərrəmov, eyni zamanda, polisin salnaməsində özünə bəri başdan yer edib.

Onun əsl ağır atlet görkəmi istər-istəməz adamda elə bir təəssürat yaradır ki, həm polis peşəsinin çiyinlərinə yüklədiyi ağır məsuliyyəti, həm də bir poverliftinq kimi qaldırdığı ağır çəkiyə tab gətirmək üçün onun təki cüssəli, sözün bütün mənasında, böyük olmaq lazımdır. Bu ona imkan verir ki, yarışlarda öz gücünü sərgiləməklə yanaşı, bayrağımızın timsalında Azərbaycanın, mündirindəki ulduzların “işığında” isə bizim – polisin şanını özündən yuxarı qaldırıb dünyaya göstərsin.

“Beynəlxalq yarışlara qatılanda ölkəmlə yanaşı, daxili işlər orqanlarını da təmsil etdiyimi unutmuram. Hətta formamın üzərinə Daxili İşlər Nazirliyinin abreviaturası yazılıb – DİN. Təbii ki, bu ayrıca iftixar hissi doğurur. Vətənə qalib polis əməkdaşı kimi dönməyin qürurunu sözlə ifadə etmək çətindir”, - deyən həmkarımızın polis peşəsinin mənəvi ağırlığının öhdəsindən layiqincə gəldiyini on üç illik xidməti, fiziki ağırlıqla bağlı isə xidmət yerində sərgilənən kubokları, çoxsaylı medalları təsdiq edir.

On beş yaşından başlayaraq ağırlıqqaldırma yarışlarına çıxan həmkarımızın idman zallarında keçən ömrü 40-ı haqlayıb, amma bu gün də beynəlxalq yarışlarda gənc atletlərlə mübarizə aparır. Deyir, onun yaş qrupundan olanlar masterlər arasında yarışmağa çalışırlar, çünki orada qalib gəlmək daha asandır. O isə yenə çətin rəqiblər seçir. May ayında Qırğızıstanda keçirilməsi nəzərdə tutulan Avropa çempionatı onun üçün daha bir sınaq olacaq və arzuladığı növbəti çempionluğunu idman zallarında, hər zamankı kimi, öz təri ilə “qidalandırır”.

Daxili işlər orqanlarının idmançı əməkdaşlarına, eləcə də ona DİN rəhbərliyi tərəfindən yarışlara hazırlaşmaq üçün lazımi şəraitin yaradıldığını, diqqət və qayğı göstərildiyini deyən ağır atletimizin təcrübəsindən, bacarığından Alayın şəxsi heyəti də fiziki hazırlıq məşğələlərində yararlanır. Əməkdaşlarımız arasında keçirilən yarışlarda Alayın komandasının uğurları ilə yadda qalması bunun bariz nümunəsidir.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər