Logotype

1933-cü ildən çıxır

Xəbərlər

08.04.2023

Etibarlı mühafizəyə təminat verirlər

Həmsöhbət olduğum sakinlərdən biri vaxtı ilə belə demişdi; əgər iri şəhərlərdəki mənzil və obyekt sahibləri öz əmlaklarını mühafizə polisinin təmin etdiyi təhlükəsizlik çətirinin altına yığsaydı, oğurluqdan zərərçəkən yox deyəcək qədər azalardı.

Ola bilər bu, indilik fərziyyə kimi görünsün. Ancaq Nizami Rayon Mühafizə İdarəsinin nümunəsində də müşahidə etdiyimiz müsbət tendensiya bizə əsas verir ki, nikbin olaq. Məsələ ondadır ki, ötən il obyekt və mənzillərin mühafizəyə qəbul edilməsində ilk sırada qərarlaşan Nizami RMİ cari ilin ilk rübündə nəticələri bir qədər də yaxşılaşdırmaq istiqamətində səylərini artırıb.
İdarə rəisi, polis polkovniki Elşən Camalovun rayon ərazisində mülkiyyət sahibləri ilə maarifləndirici görüşlərin keçirilməsini, onlarla izahedici işlərin mütəmadi aparılmasını xüsusilə diqqətdə saxladığını deyən rəisin şəxsi heyət üzrə köməkçisi, polis mayoru Akif Yadigarov bunu nailiyyətlərinin əsas səbəbi hesab edir.

Qeyd edək ki, bu ilin yanvar - mart aylarında idarə tərəfindən 34 obyekt mühafizəyə qəbul edilib. Hazırda mərkəzləşdirilmiş mühafizə məntəqəsi ilə bağlanmış müqavilələrin sayı ümumilikdə 759-a çatdırılıb ki, onlardan 350-i obyekt, qalanı mənzildir. İctimai qaydanı pozan 2, axtarışda olan 1, bıçaqla hücum etmə faktına görə 1 nəfər saxlanılaraq ərazi polis bölmələrinə təhvil verilib, 2 intihara cəhdin qarşısı alınıb.

Polis mayorunun sözlərinə görə, rayondakı binalar əsasən, özlərinin təhlükəsizlik xidmətlərilə qorunan yeni tikililərdir və buradakı mənzil sahibləri bununla kifayətlənirlər. Adətən, birinci və ikinci mərtəbələrdə yerləşən mənzillərin sahibləri polisin mühafizə sisteminə qoşulmağa üstünlük verir. Buna görə obyektlərə nisbətən mühafizəyə qoşulan mənzillərin sayı az olur. Ancaq, buna baxmayaraq, idarə rəisinin göstərişi ilə Rayon Polis İdarəsinin əməkdaşları da daxil olmaqla, sakinlərlə görüşlər keçirilir, bukletlər paylanılır, bir sözlə, izahedici işlər davam etdirilir.

Xatırladaq ki, keçən ilin son ayında xüsusi texniki mühafizə vasitələri ilə qorunan mağazaların birindən ümumi dəyəri 31 min manat olan “iPhone” markalı mobil telefonları oğurlamağa cəhd edən şübhəli şəxs Mühafizə İdarəsinin tutucu qrupu tərəfindən “iş başında” yaxalanmışdı. Bu mühafizəçilərin peşəkarlığını və etibarlı qorumaya təminat verdiklərini göstərən faktlardan sadəcə biridir.

Tutucu qruplarının hazırlıq səviyyəsi barədə danışan bölük komandiri, polis kapitanı Səftər Mirzəlizadə deyir ki, həftədə iki-üç gün müvafiq məşğələlər keçirilir, şübhəli şəxsin yaxalanması, obyektin mühafizəsi zamanı ortaya çıxan problemlərin həlli kimi məsələlər simulyasiya edilir, əməkdaşların peşə vərdişlərini təkmilləşdirməyə çalışırlar. Mühafizə edilən obyektə hər hansı müdaxilə olsa da, olmasa da tutucu qrupun həyəcan siqnalına tam hazırlıqlı vəziyyətdə getdiyini vurğulayan bölük komandiri qeyd edir ki, əməkdaşların fiziki hazırlıq səviyyəsinə rəhbərlik tərəfindən xüsusi diqqət ayrılır, həftə ərzində keçirilən məşğələlərdə normativlər götürülür.
Bir sözlə, deyə bilərik ki, mühafizəyə qəbuledilmə ilə bağlı müsbət tendensiya barədə gözləntilərimiz həm də yerlərdə xidmətin nümunəvi təşkilindən qaynaqlanır.

Rəşad Mehtiyev,
polis baş serjantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər