Logotype

1933-cü ildən çıxır

Xəbərlər

06.03.2023

Andları Vətəndir, adları da Vətənlə qoşa çəkilir

Bir qərinəyə yaxın, artıq 31 ildir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, sözün əsl mənasında, xalqımızın əmin-amanlığı, ərazi bütövlüyümüzün toxunulmazlığı, dövlətçiliyimizin daha da güclənməsi naminə fədakar xidmətini davam etdirir.

Ötən illərdə Daxili Qoşunlar qarşısına qoyulmuş tapşırıqların yerinə yetirilməsinə hər zaman böyük məsuliyyətlə yanaşıb və ona göstərilən yüksək etimadı doğrultmağa çalışıb. Danılmaz faktdır ki, Daxili Qoşunların inkişaf və yüksəliş yolu ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Daxili Qoşunlar ulu öndərin xüsusi diqqət və qayğısı nəticəsində formalaşıb, inkişaf edib, yüksək döyüş hazırlığına malik hərbi quruma çevrilib.

Daxili Qoşunlar yarandığı gündən ölkə daxilində ictimai təhlükəsizliyin təmin olunması ilə yanaşı, Vətənin müdafiəsində də iştirak edib. Birinci Qarabağ müharibəsində hərbi qulluqçularımızın döyüşlərdə göstərdikləri şücaət və fədakarlıq nümunələri xalqımızın yaddaşında silinməz iz qoyub.
Ümummilli lider tərəfindən 1995-ci il martın 9-da imzalanmış Fərmana uyğun olaraq, 12 mart tarixi Daxili Qoşunlar Günü elan olunub. Bu da təsadüfi deyildi. Məhz müstəqil Azərbaycanın Daxili Qoşunlarının şəxsi heyəti ölkəmizin ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüş əməliyyatlarına ilk dəfə olaraq 1992-ci il mart ayının 12-də başlayıb.

Birinci Qarabağ müharibəsi başa çatdıqdan sonra, uzunmüddətli atəşkəs dövründə qoşunların xidməti fəaliyyəti yeni mərhələyə qədəm qoyub, onun təyinatından irəli gələn vəzifələrin icrasında zəngin təcrübə qazanılıb, geniş quruculuq işləri aparılıb, maddi-texniki baza yenilənib, beynəlxalq hərbi əməkdaşlıq əlaqələri qurulub, Daxili Qoşunlar döyüş hazırlığına, hərtərəfli təchizatına, müasir silah-sursatına, texnikasına görə Avropanın qabaqcıl ölkələrinin müvafiq qurumları ilə müqayisə edilə bilən səviyyəyə yüksəlib.

2020-ci il sentyabrın 27-dən noyabrın 9-dək davam edən Vətən müharibəsində hərbi qulluqçularımız şərəfli döyüş ənənələrinə sadiq qalaraq, erməni işğalçıları üzərində möhtəşəm qələbənin qazanılmasına öz layiqli töhfələrini veriblər.
Daxili Qoşunların xidməti-döyüş fəaliyyəti Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun və Daxili Qoşunların komandanlığının daim nəzarətindədir. İstər cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində, istərsə də mühüm dövlət obyektlərinin mühafizəsində şəxsi heyət müsbət nəticələr əldə edib. Əlbəttə ki, bu uğurlar bilikli və bacarıqlı komandir heyətinin rəhbərliyi altında idarəçiliyin, yüksək döyüş hazırlığının və təlimlərin hesabına ərsəyə gəlib.

Dəmir nizam-intizamın hökm sürdüyü Qoşunlarda şəxsi heyətin mənəvi-psixoloji durumu qənaətbəxşdir və onlar dövlətə, xalqa, Ali Baş Komandana məhəbbət və sədaqət ruhunda tərbiyə olunur. Hərbi hissələrin döyüş qabiliyyəti və döyüş ruhu kifayət qədər yüksəkdir.

Ötən illər ərzində Daxili Qoşunların ictimaiyyətlə əlaqələrində də çox isti, doğma bir münasibət formalaşıb. Müntəzəm olaraq tələbələr, şagirdlər, habelə əsgər valideynləri, millət vəkilləri, dövlət, qeyri-hökumət təşkilatlarının nümayəndələri, incəsənət xadimləri, ziyalılar hərbi hissələrimizdə şəxsi heyət üçün yaradılmış hərtərəfli şəraitlə tanış olublar.

Daxili Qoşunlar keçdiyi yola, içdiyi anda sadiqdir. Hərbi qulluqçularımız xalqın əmin-amanlığının, ölkədaxili sabitliyin sadiq keşikçisi olmaqla yanaşı, həm də işğalına son qoyulan torpaqlarımızın müdafiəsində qətiyyətlə dayanır, orada xidmət aparan polis əməkdaşları ilə birgə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində yüksək peşəkarlıq göstərir, dövlət əhəmiyyətli, mürəkkəb xidməti-döyüş tapşırıqlarının öhdəsindən cəsarətlə gəlir.

mayor Anar Əhmədov

Geriyə Çap et


Faydalı keçidlər
Linklər