Logotype

1933-cü ildən çıxır

Xəbərlər

28.02.2023

Qəhrəman bölüyün xilaskar taqım komandiri

Əlahiddə Çevik Polis Alayının 6-cı Patrul Bölüyünün əməkdaşı Yasamal rayonundakı binaların birindən özünü atmaq istəyən şəxsi xilas edib. “Xilas edib” yazırıq ona görə ki, intiharın baş tutması riski həddindən artıq yüksək olub və məhz həmkarımızın peşəkarlığı ölüm hadisəsinin qarşısını alıb.
Təfərrüata bir azdan, Patrul Bölüyü haqqında bir neçə kəlmə yazandan sonra qayıdarıq.
İnternet resurslarında polis əməkdaşlarının insan həyatını xilas etdiyini əks etdirən məşhur görüntülər var – sürücü qadının sükan arxasında epilepsiyası tutur, polislər onu dərhal maşından çıxarıb xəstəxanaya çatdırır. Başqa bir kadrda isə ürək tutmasından idarəetməni itirən sürücünün hərəkətdə olan avtomobilinə qaçaraq özünü çatdıran həmkarımız görünür...
Təsadüfən vətəndaşlar tərəfindən lentə alınan o kadrlardakı polislər 6-cı Patrul Bölüyünün qəhrəmanlarıdır. Bəlkə elə təkcə bunlara görə bütövlükdə bu bölük haqqında danışarkən “qəhrəman Patrul Bölüyü” ifadəsini işlətməyimiz doğru olar.
Komandir, polis polkovnik-leytenantı Azər Seyidov deyir ki, onların xidmətlərinin bu qədər “macəralı” keçməsi həmişə hadisələri bir addım qabaqlamaq, necə deyərlər, vətəndaşa təhlükədən daha yaxın olmaq istəyindən qaynaqlanır. Son intihara cəhd hadisəsi şəxsi heyətin hər zaman həm fiziki, həm döyüş-peşə hazırlığı ilə bağlı keçirilən dərsləri, təlimatları doğru mənimsəyib, ekstremal situasiyalarda uğurla tətbiq etməyi bacardığını bir daha təsdiq edib. Cinayətkarlıqla mübarizə və ictmai asayişin qorunmasında əldə edilən nəticələr də qənaətbəxşdir. Belə ki, Bölüyün əməkdaşları tərəfindən ötən il ərzində 1523 nəfər inzibati hüquqpozmalar və cinayət törətdiklərinə görə polis orqanlarına təhvil verilib.
Qayıdaq mətləbə.
Hadisə fevralın 22-də saat 17:00 radələrində baş verib. Ailədaxili problemlər səbəbindən 9 mərtəbəli binalardan birinin damına çıxıb özünü atmaq istəyən şəxs ətrafdakıların diqqətini çəkib. Məlumat alan kimi özünü hadisə yerinə çatdıran Əlahiddə Çevik Polis Alayının 6-cı Patrul Bölüyünün taqım komandiri, polis leytenantı Hüseyn Qurbanlı onu fikrindən daşındıra bilib. İntihara cəhd edən şəxslə polis əməkdaşının söhbət etməsini ətrafdakı binaların sakinləri telefonla çəkiblər və çox güman, bu görüntülər də internetin “yaddaşında” polisin növbəti xilaskarlıq nümunəsi kimi uzun müddət qalacaq.
Buna qədər də özünə qəsd etmək istəyənlərlə qarşılaşdığını, onları da yola gətirə bildiyini deyən taqım komandirinin sözlərinə görə, məlumatı qəbul edən kimi dərhal polis naryadı ilə özlərini deyilən ünvana çatdırıblar. FHN-nın xilasediciləri gəlib ərazidə işləyə bilsinlər deyə Bölük komandirinin göstərişi ilə avtomobillərin ərazidə hərəkəti məhdudlaşdırılıb, vətəndaşlar oradan uzaqlaşdırılıb. İntihar etmək istəyən şəxsin kiməsə zəng edib danışandan sonra telefonu yerə atması ilə təhlükənin artdığını görən taqım komandiri vaxt itirmədən dama qalxıb. Deyir, o, dəmir konstruksiyanın düz kənarında dabanının üstündə durmuşdu, ayaq pəncələri boşluqdaydı artıq. Həmin an özünü atmaq istəməsə də, ani diqqətsizlikdən, müvazinətini itirməsindən yıxıla da bilərdi. Dəmir konstruksiya da nazik idi, FHN əməkdaşlarına məlumat vermişdik, ancaq onlar gələnə qədər dəmir qırıla bilərdi: “İcazə alıb ona yaxınlaşdım, hərəkətinin səbəbini soruşdum. Əvvəl danışmaq istəmədi, amma bildirdim ki, əməli düzgün deyil, özünü öldürməsi heç bir nəticə verməyəcək. Sonra ailə vəziyyəti ilə maraqlandım. Himayəsində azyaşlı uşaqlarının olduğunu öyrəndim və hiss elədim ki, ailəsinə bağlı adamdır, uşaqlarını sevir. Uşaqları barədə danışdım ona. Dedim ki, o öz canına qıysa çox sevdiyi azyaşlı övladları başsız qalacaq. Əlimi tut səni övladlarına aparım,- dedim”.
Taqım komandiri onun psixoloji vəziyyətini doğru qiymətləndirmişdi və həyat üçün uzatdığı əli məhz buna görə boş qalmamışdı...

R.Mehtiyev

Geriyə Çap et


Faydalı keçidlər
Linklər