Logotype

1933-cü ildən çıxır

Xəbərlər

06.02.2023

Naxçıvanda veteranlar sabitliyə töhfə verir

Uzun illərdir blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikası mübariz insanları, tarixi şəxsiyyətləri, təbii gözəllikləri ilə diqqət çəkdiyi kimi, sabitliyin etibarlı qorunub saxlanıldığı diyar olaraq da hər zaman adından söz etdirib. Bir çox çətinliklərə baxmayaraq, əmin-amanlıq adasına çevrilməyi bacarıb Naxçıvan.

Bunda hər bir güc strukturunun əməyi danılmazdır, ancaq ictimai təhlükəsizlik və asayiş məsələləri birbaşa olaraq polisin üzərinə düşdüyünə görə sabitliyin məhz onların ərsəyə gətirdiyini əminliklə söyləyə bilərik. Polis veteranlarının təcrübəsindən, bilik və bacarıqlarından səmərəli istifadə edilməsi bu mənada daxili işlər orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsinə xüsusi töhfə verir.

Muxtar respublika ərazisində yaşayan polis veteranlarının 80 faizə yaxınının vaxtı ilə xidmət keçdikləri polis orqanları ilə birgə fəaliyyətə qoşulması, cinayətkarlığa qarşı mübarizədə öz köməklərini əsirgəməmələri bizə imkan verir ki, onların hansı miqyasda asayişin qorunmasına dəstək verdiklərini təhlil edək.
Daha dəqiq və aydın təsəvvürü Naxçıvan MR DİN-in Veteranlar Şurasının ötən il ərzində görülən işlər haqqında hesabatı yaradır.

Ötən hesabat ilində veteranlar əsasən silah-sursat, axtarış, müxtəlif xarakterli inzibati xətalar, bağlı qalan cinayət işləri və əməliyyat marağı kəsb edən digər faktlarla bağlı polis orqanlarına yaxından köməklik göstəriblər. Belə ki, əhalidə qanunsuz saxlanılan silahların yığılması istiqamətində həyata keçirilən profilaktik tədbirlərdə aktiv iştirak etməklə 17 ədəd müxtəlif markalı yivli silah, 850 ədəd müxtəlif çaplı patron, 1 ədəd qumbara və zirehli gödəkcə könüllü olaraq polisə təhvil verilib. Sürücülük hüququ olmayan 18, sərxoş halda avtomobil idarə edən 12 sürücü aşkar edilib. İnzibati hüquq pozuntuları ilə bağlı veteranlar tərəfindən müxtəlif xarakterli 132 inzibati xəta faktı aşkar edilərək müvafiq tədbirlər görülüb. Təqsirləndirilən şəxs qismində 1, mülki hüquqi öhdəliklərdən yayınan 38 nəfərin yeri müəyyən edilib.

Burada da cinayətkarlığa qarşı mübarizənin bir “cəbhəsini” veteranların iştirakı ilə keçirilən geniş maarifləndirici tədbirlər təşkil edir. Təhsil müəssisələrində, müxtəlif mərasimlərdə, kütləvi tədbirlərdə ictimaiyyət nümayəndələri qarşısında çıxış edən keçmiş asayiş keşikçiləri sağlam cəmiyyət naminə mübarizələrini bu gün də davam etdirirlər. Eləcə də münaqişəli ailələr, münaqişəli qonşularla 120-dən, fərdi profilaktik işə cəlb edilən valideynlərlə və həbs yerindən qayıdan şəxslərlə 100-dən artıq görüşdə veteranlar iştirak ediblər. O cümlədən kadr potensialının formalaşdırılması, şəxsi heyət arasında mənəvi-psixoloji durumun möhkəmləndirilməsi məqsədilə veteranlarla gənc əməkdaşların 50-dən artıq görüşü təşkil edilib.

Naxçıvan MR DİN Veteranlar Şurasının cari il üçün də nəzərdə tutulan tədbirlər planında veteranların köməyindən səmərəli istifadə prioritet kimi müəyyən edilib.

Rəşad Mehtiyev,
polis baş serjantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər