Logotype

1933-cü ildən çıxır

Xəbərlər

19.01.2023

Vətənə xidmət eşqi...

Bir çox halda insanın öz bacarığı, imkanları onu tanıtmağa, dəyərini göstərməyə kifayət etmir, gərək onun özünü də kəşf edənlər olsun. Buna isə “yaxşı adam”, “əsl kişi” dediyimiz, başqasının uğuruna sevinən insanlar imza atır adətən. Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun rəis müavini, polis polkovniki Murədəli Babayev gənc bir əməkdaşın nailiyyətlərindən bəhs edəndə, həm də bu adəti yaşadanlardan olduğunu növbəti dəfə təsdiq edirdi əslində.
Haqqında deyilənlər bizim də marağımızı çəkdi deyə, onu tanımaq və oxucularımıza da tanıtmaq istədik.

İnterpolun Milli Mərkəzi Bürosunda Ümumi Cinayətkarlığa Qarşı Mübarizə Şöbəsinin inspektoru, polis leytenantı Hüseyn Əlizadəni polis peşəsinə Vətəninə və xalqına şərəflə xidmət etmək arzusu gətirib. Rusiya Fedarasiyasında təhsil aldığı illərdə qarşılaşdığı, sorağını aldığı cinayət hadisələri onda doğma ölkəsi ilə həm müqayisə etmək imkanı, həm də buradakı əmin-amanlığın davamlı olmasına öz töhfəsini vermək istəyi yaradıb.
Orta təhsilini Göyçayda bitirəndən sonra Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin beynəlxalq hüquq fakültəsinə qəbul olub, bakalavr pilləsini bitirib. Magistr təhsili almaq üçün hazırlıqlara başlayanda isə Vətəndə Vətən müharibəsi başlayıb.

“Qarabağın azadlığı uğrunda müharibə gedən vaxt mən orada qalıb, heç nə olmamış kimi təhsilimi davam etdirə bilməzdim. Vaxt itirmədən ölkəmə qayıtdım və müharibədə könüllü iştirak etmək üçün müraciət etdim”, - deyən həmkarımız sinəsində Vətəni üçün döyünən və yeri gələndə, ali amal uğrunda fəda edə biləcəyi ürək gəzdirdiyini nümayiş etdirib. Bu, eyni zamanda, Birinci Qarabağ müharibəsində xaricdəki rahat həyatını, təhsilini yarıda kəsib ölkəsinə qayıdan və torpaqlarımız uğrunda canından keçən mərd oğullarımızın izinə basılan cəsarətli addım idi. Onların içində o qədər polis əməkdaşı varıydı ki...

Müharibə günlərində tank taborunda çağırışçı kimi müddətli həqiqi hərbi xidmətini başa vuran Hüseyn Əlizadə daxili işlər orqanlarında xidmət etməklə uşaqlıq arzusunu gerçəkləşdirə biləcəyini düşünüb. Təhsil aldığı ixtisas da uyğun gəlincə, beləcə, ötən ilin sentyabrında Büroda xidmətə qəbul olunub.
Gənc olmasına baxmayaraq, onu çox savadlı, bacarıqlı əməkdaş kimi xarakterizə edən şöbənin rəis müavini, polis polkovnik-leytenantı Faiq Fərəcov deyir ki, Hüseyn həm də peşəkar idmançıdır. Özü “Əməkdar idman ustası” olan rəis müavini əməkdaşlarının bir ay bundan öncə idmanın taekvondo növü üzrə respublika ikincisi olmasının sevincini bölüşür: “Onun kimi idmançının Büroda xidmət etməsi bizi də qürurlandırır”.

Polis leytenantı Hüseyn Əlizadə uşaqlıqda cüdo ilə başladığı idmanın bir çox növü ilə məşğul olub. Yüngül atletika və üzgüçülükdə yeniyetmələr arasında dəfələrlə fərqlənib. Hətta üzgüçülük çempionatlarına rayondan qatılıb uğur qazanan ilk idmaçı olub. O, bununla da regionlarda idmana şərait yoxdur deyənlərə bir növ öz uğuru ilə cavab verib. 2010-cu ildən isə peşəkar şəkildə taekvondo ilə məşğul olur. Deyir ki, indiyədək iştirak etdiyi çempionatlarda yer tutmadığı, fərqlənmədiyi yarış olmayıb.

Hədəfi xidməti vəzifələrini yerinə yetirməklə yanaşı, yarışlarda əldə edəcəyi medalların əyarını qızılla əvəzləməkdir. Bunun üçün Büroda müasir idman zalı var və orada məşqlər üçün rəhbərlik tərəfindən bütün lazımi şərait yaradılıb. Kabinet işində xidmət etməsi onun əllərində qabar izləri yaratmasa da, nailiyyətləri idmançı polis əməkdaşının fiziki hazırlığının dərəcəsini göstərir.
Yaradılan şəraitdən yetərincə bəhrələnmək, şübhəsiz ki, hər bir əməkdaşın öz məharətinə qalıb.

Rəşad Mehtiyev,
polis baş serjantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər