Logotype

1933-cü ildən çıxır

Xəbərlər

08.01.2023

Qarabağa qar yağır

Şuşaya, işğaldan azad olunmuş torpaqlarımıza qar yağır. Dərddən ağır deyil bu qar, adamı qılınc kimi kəsmir bu şaxta. Azərbaycan Əsgərinin və Azərbaycan Polisinin od nəfəsi, yeri-göyü titrədən addım səsləri torpağı qış yuxusundan oyadır yaz gəlməmiş. Ömrü qərinəni ötənlər, qismətinə 50-dən sonra köçkünlük yazılanlar yaxşı bilir ki, yaz Qarabağa 1993-ü ilə qədər gəlmişdi. Sonra isə 30 illik buz dövrü başlamışdı bu yerlərdə. Yurdsuzluğun bir gününə dözməmişdi 80-i, 90-ı, 100-ü dişi damağında, ağlı başında haqlayanlar. Qarabağın yazından, yayından, payızından, qışından xəbərsiz qarabağlılar ordusu doğulmuşdu Bakıda, Şəkidə, Şamaxıda, bir sözlə, Azərbaycanın hər yerində.

İki il öncə düşmənlə təmas xəttində payızın quzu ağzı yetəcək qədər boy atmış göy otlarının sevincinə Şuşanı üzük qaşı kimi dövrəyə alan qayalarda bitən dağdağanlar yallı getmişdi. İtburnu, moruq kolları tikanlarını tökmüşdü ki, qayakürək oğullara irəliləməkdə çətinlik yaratmasın. Bu yerlərin təbiəti sahibinə çox vəfalıdır: onu donmağa, üşüməyə, ac qalmağa qoymaz. İlin hər fəslində təbiət səxavətlidir.

“Qan çilənən torpaq heç zaman donmur”. Bu fikri kimin dediyini xatırlamasam da həqiqət olduğuna qətiyyən
şübhə etmirəm. Çünki, yazdığım kimi, iki il öncəyə qədər dünyanın ən soyuq yeri, əlçatmaz, ün yetməz zirvəsi Qarabağ idi. İndi isə...

2023-cü ilin yanvarı buz qılıncını sıyırıb üstümüzə gəlib. Qoy gəlsin, ömrü kiçik çillə və “boz ay” bitənə qədərdir. Sonra yenə yurdumuza yaz gələcək, sonra yenə yağan qar selə dönüb dəli dağ çaylarının səmənd atı kimi sal qayaları ağzına alıb gücü çatdığı qədər aparacaq.

Sözardı: Onu bilirəm ki, Şuşaya, Qarabağa, Xankəndinə yağan qardan illərdir ki, Bakıya yağmır. Deyəcəksiniz ki, bəs bu yağan nədir? Cavabım bu olacaq: Böyüklərin qayğısı, uşaqların sevinci…

Hafiz Təmirov,
polis polkovnik-leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər