Logotype

1933-cü ildən çıxır

Xəbərlər

11.12.2022

Səngər qəzetinin-“ƏSGƏR” in 30 yaşı tamam olur

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mətbu orqanı “Əsgər” qəzeti respublikamızın ilk hərbi qəzetlərindəndir. 1992-ci ilin dekabr ayının 16-da ilk sayı işıq üzü görən “Əsgər”imiz bu gün də sinəsini vətənə səngər edən oğullarımızın uğurlarına, döyüş yoluna səhifələrində işıq salır.
“Əsgər” qəzeti Birinci Qarabağ döyüşlərində və 44 günlük Vətən müharibəsi zamanı erməni işğalçıları ilə ölüm-dirim mücadiləsinə qalxan, torpaqlarımızın bütövlüyünə qovuşması üçün son damla qanınadək mərdliklə döyüşən hərbi qulluqçularımızın döyüş ruhunun yüksəldilməsində, onların qəhrəmanlıqlarının təbliğində vacib rol oynayıb.

Təbliğat, maarifləndirmə missiyasını uğurla yerinə yetirməklə yanaşı, qəzet daim şəxsi heyət üçün etibarlı informasiya mənbəyi olub.
Daxili Qoşunların formalaşma tarixi, döyüş salnaməsi, şəhid və qazi hərbi qulluqçularımızın qəhrəmanlıq nümunələri, şəxsi heyətin ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə xüsusi əməliyyatlarda iştirakı, ölkəmizin müxtəlif bölgələrində dislokasiya olunmuş hərbi hissələrimizin həyatı “Əsgər” qəzetinin səhifələrində öz əksini tapıb. Qəzetdə Daxili Qoşunlarda keçirilmiş mühüm mərasimlər, aparılmış quruculuq işləri, beynəlxalq hərbi əməkdaşlıq əlaqələrimiz, şəxsi heyətin xidməti vəzifələrin yerinə yetirilməsində, habelə döyüş təlimi və idman sahəsində uğurları da dolğun işıqlandırılıb.

Bir sözlə, barıt qoxulu qəzetin səhifələrində gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsi mövzusu daim xüsusi yer tutur. Gənclərin dövlətçilik təfəkkürünün formalaşmasına, onların hərbi xidmətə mənəvi-psixoloji cəhətdən hazırlanmasına dərc edilən materiallar öz müsbət təsirini göstərir.
“Əsgər” qəzetinin redaksiyasında ölkəmizin ilk hərbi jurnalistləri yetişib desək, yanılmarıq. Və qəzetin mövcud arxivi gələcəkdə Daxili Qoşunların tarixi haqqında araşdırma aparan tarixçilər, tədqiqatçılar, araşdırmaçı-jurnalistlər üçün çox qiymətli xəzinədir.

Məlumat üçün qeyd edək ki, “Əsgər” qəzeti Daxili İşlər Nazirliyinin Mətbəəsində ayda iki dəfə olmaqla yüksək poliqrafik standartlara uyğun, ümumi tirajı üç min nüsxədə çap olunur.
Bundan əlavə, oxucular 2014-cü ilin may ayından etibarən Daxili Qoşunların rəsmi internet səhifəsində “Əsgər” qəzetinin saylarının elektron variantı ilə də tanış ola bilərlər. Bu, qəzet üçün daha geniş oxucu kütləsinə çıxış imkanı əldə etmək deməkdir. Həmçinin qəzetin elektron arxivinin yaradılması da əhəmiyyətli addımdır.
Mətbuat xidmətinin və onun tərkib hissəsi olan “Əsgər” qəzetinin redaksiyasının səmərəli fəaliyyət göstərməsi üçün Daxili İşlər Nazirliyinin rəhbərliyi və Daxili Qoşunların komandanlığı tərəfindən lazımi şərait yaradılıb. Müasir kompüterlər, fotoaparatlar, digər texniki vasitələr redaksiyanın sərəncamına verilib.
2005-ci ilin oktyabrından ruhuma doğma bildiyim, ürəyimin pıçıltılarını, müşahidələrimi söz-söz, minra-misra bölüşdüyüm “Əsgər” qəzeti mənim üçün əsl məktəb oldu-jurnalistika məktəbi. Bu gün respublikamızda yayımlanan, əsl vətəndaşlıq və vətənpərvərlik ruhu aşılayan 138 kütləvi informasiya vasitəsində – 76 qəzet, 9 jurnal və 53 saytda vaxtilə işıq üzü görən hər bir məqaləmə görə mən “Əsgər”ə minnətdaram.

Azərbaycan əsgərini hər zaman vətənpərvərliyə səsləyən, eləcə də Daxili Qoşunların tarixini yazan bir qəzetin redaktoru olmağımla yalnız fəxr edirəm.
Qəzetin 30 illiyini qeyd edən redaksiyamıza bundan sonrakı fəaliyyətində yeni yaradıcılıq uğurları arzulayıram.
Sözardı: “Polis” qəzetinin kollektivi də yeni yaşın mübarək, əziz “Əsgər”imiz deyir. Və qələmi süngüyə çevirən “Əsgər”çilər, zehniniz iti, sözünüz kəsərli olsun. Yazdıqlarınızın bir tarix olduğunu unutmayın. Vətən varsa, əsgər də, döyüşən oğullar da hər zaman olacaq. Odur ki, irəli, Azərbaycan “Əsgər”i.

mayor Anar Əhmədov
“Əsgər” qəzetinin
redaktoru

Geriyə Çap et


Faydalı keçidlər
Linklər