Logotype

1933-cü ildən çıxır

Xəbərlər

30.11.2022

Fotosu “danışan” uşaq

Suraxanı RPİ-nin əməkdaşları daha bir azyaşlını küçədə aşkar edərək sığınacağa yerləşdiriblər. Həmkarlarımız 2012-ci il təvəllüdlü Məsumə adlı qızcığazın fotosunu da çəkiblər, ancaq müəyyən səbəblərdən biz o “danışan” fotonu tam dərc edə bilmirik, siması görünməsin deyə bilərəkdən kompüter effekti ilə görünməz edirik...

Heç şübhəsiz ki, o da belə “görünmək” istəməzdi.
Yaşıdları kimi evcikləri ilə xəyal dünyasında oynayar, şəklini çəkənin üzünə baxıb həyat dolu gülümsəyər və fotolarında qayğısız uşaq kimi əks olunardı. Onu aşkar edən polislərə ağalaya-ağlaya “nə olar, məni yetimlər evinə verməyin” deyib yalvaran bu qızcığazı tale, ya da talesizlik ata-ana sevgisindən, sığalından, nəvazişindən məhrum edib, küçələrə salıb. Və budur, biz indi adı kimi bütün məsumiyyəti ilə gözlərini fotodan üzümüzə zilləyib dupduru şehə bənzər baxışları ilə uşaqlığını yaşaya bilmədiyini, müdafiəyə ehtiyac duyan böyüyə çevrildiyini deyən uşaq görürük.

O, cılız vicuduna yüklənmiş ağır yükü, dərdi həmkarlarımızla - Suraxanı RPİ YYÇ işləri üzrə polis əməkdaşları ilə bölüşüb. Deyib ki, anası ölüb, atasını isə tanımır. Qaldığı uşaq evi bağlandıqdan sonra bir il tanımadığı, küçədə zibil yığan qadının yanında qalıb, o da öləndən sonra küçələrdə gecələyib.

Bu həqiqətdirmi, yoxsa həyatına qorxu, zorakılıq, işgəncə olmadan davam edə bilsin deyə evcikləri ilə oynayarkən qurmalı olduğu, ancaq indi yaşamaq üçün sərf etdiyi xəyali uydurmalarıdırmı, bunun bir o qədər önəmi yoxdur. Önəmli olan onun həyatda sağ qalmaq naminə bu yaşında mübarizə aparmaq məcburiyyətində qalması və etibarlı liman kimi polisə sığınmasıdır... Yeri gəlmişkən, uşağın baş və bədən nahiyəsində xəsarətlər olduğuna görə 31-ci PB-də xüsusi araşdırma aparılır.

Bu yerdə, bu cür uşaqların vaxtında aşkar edilməsi məqsədilə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin müxtəlif qeyri-hökumət və dövlət qurumları ilə koordinasiyalı işlədiyini mütləq qeyd etməliyik. Bu qurumlar arasında yaradılmış votsap qrupu sayəsində kimsəsiz, baxımsız qalan uşaqların tapılıb müvafiq sığınacaqlara yerləşdirilməsində operativlik təmin edilib. Bununla da qorunmaya ehtiyac duyan uşaqların ən azından küçə həyatı yaşamalarının qarşısı alınır.

R.Mehtiyev

Geriyə Çap et


Faydalı keçidlər
Linklər