Logotype

1933-cü ildən çıxır

Xəbərlər

08.11.2022

Əsrə bərabər zəfər günü!

Yalnız ərazi bütövlüyümüzün deyil, milli qürurumuzun da bərpası kimi tariximizə düşən Zəfər günü 30 ilə yaxın az qala təqvimin hər ayında qara gün kimi qeyd etdiyimiz işğal günlərinin utancını, kədərini silib atdı. Torpaqlarımızın düşmən tapdağında qalması bizə əsrlər öncə üzləşdiyimiz faciələrimizi də yada salır, yaramıza qor basırdı. Məhz buna görə 8 noyabrda Şuşanın azad edilməsi ilə düşmən üzərində inamlı qələbəni müjdələyən Zəfər günü bizim üçün əsrə bərabərdir.

Ancaq tarix bizə unutmayacağımız, unutmaq haqqı tanımadığı bir dərs də verdi. Unudulmayacaqların ən başında təbii ki, şəhidlərimiz, onların ailə üzvləri və şahidlərimiz, yəni qazilərimiz gəlir. Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan hərbçilərimizin ailələrini mütəmadi ziyarət edən polis əməkdaşları Zəfərin ikinci ildönümündə də ənənəyə sadiq qalaraq, paytaxtda və yerlərdə şəhid ailələrinə baş çəkib, şəhid məzarlarını ziyarət edib və qazilərlə görüş keçiriblər.

DİN-in Polis Akademiyasında 8 noyabr – “Zəfər Günü” münasibətilə keçirilən tədbirlər müvafiq plana əsasən silsilə xarakter daşıyıb.
Akademiyada keçirilən tədbir ümummilli lider Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Akademiyanın rəisi, polis general-mayoru Canpolad Daanov çıxışında ordumuzun 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə apardığı "Dəmir Yumruq" əməliyyatı zamanı keçdiyi şanlı döyüş yolu haqqında məlumat verib. Daimi heyəti və kursantları bayram münasibəti ilə təbrik edən C.Daanov onlara gələcək həyat və xidməti fəaliyyətlərində uğurlar arzulayıb. Daha sonra atası birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş Akademiyanın Əməliyyat-axtarış fəaliyyəti kafedrasının müəllimi Natiq Hüseynov və babası həmin müharibədə şəhid olmuş əyani fakültənin 4-cü kurs kursantı Qafar Qarayev çıxış ediblər.
Silsilə tədbirlər çərçivəsində Akademiyada qiyabi təhsil fakültəsinin təşkilatçılığı ilə V kurs ali təhsilli dinləyicilər arasında “Zəfər Günü”nə həsr olunmuş Referat müsabiqəsi də keçirilib.
DİN-in Polis Akademiyasının İxtisasartırma fakültəsində “İlkin hazırlıq” kursunu bitirmiş əməkdaşların “Andiçmə” mərasimi, eləcə də xüsusi təyinatlı ali təhsil müəssisələri arasında Parkur yarışı bayram ərəfəsinə təsadüf edib.Yarışın nəticələrinə görə Heydər Əliyev adına Hərbi İnstitutun komandası I, DİN-in Polis Akademiyasının komandası II, DİN-in Daxili Qoşunlarının komandası isə III yerə layiq görülüb.
Bayram ərəfəsində Akademiyanın əyani təhsil üzrə I kurs kursantları Hərbi Qənimətlər Parkına da baş çəkiblər.

Suraxanı rayonunda Rayon Mühafizə Şöbəsinin rəhbərliyi və əməkdaşları əlamətdar gün münasibətilə qazilərin, şəhid ailələrinin qayğıları ilə maraqlanıb, onlara maddi və mənəvi dəstək göstəriblər. Görüşlərdə bildirilib ki, müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların hər cür qayğı ilə əhatə olunması Prezident İlham Əliyevin yürütdüyü sosialyönümlü siyasətin əsas istiqamətlərindəndir.
Daha sonra Zəfər Günündə Suraxanı RMŞ-nin rəhbərliyi və bir qrup şəxsi heyəti rayon ərazisindəki Şəhidlər xiyabanını ziyarət ediblər. Ziyarət zamanı şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın igidlik və şüacətindən danışılıb, xatirələrinin xalqımız tərəfindən daim əziz tutulduğu, onların fədakarlıqlarının qəlblərdə əbədi yaşayacağı qeyd olunub.
Zəfər Günü ilə əlaqədar Nəsimi Rayon Mühafizə İdarəsində də rəhbərliyin və şəxsi heyətin iştirakı ilə tədbir keçirilib. Tədbir iştirakçıları şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra çıxış edən RMİ-nin rəisi, polis polkovnik-leytenantı Məmməd Məmmədov Vətən müharibəsində qazanılmış qələbənin şanlı tariximizin ən parlaq səhifələrindən olduğunu bildirib, bütün dünyanı heyrətə salan hərbi nailiyyətlərimizdən, ordumuzun igidlik nümunələrindən söz açıb.
İdarənin əməkdaşları tədbirdən sonra Hərbi Qənimətlər Parkına baş çəkib, İkinci Fəxri xiyabanda şəhdilərimizin məzarını ziayarət ediblər.
Zəfər Günü ilə əlaqədar Xətai Rayon Mühafizə İdarəsində Vətən müharibəsinin qaziləri ilə keçirilən görüşdə İdarənin rəhbərliyi, şəxsi heyəti və Şəhid Ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin sədri, həmçinin üzvləri iştirak ediblər.

Öncə səhər təlimatında idarənin əməkdaşlarına Azərbaycan Ordusunun böyük fədakarlığı və əzmkarlığı sayəsində qazanılmış Zəfər barədə məlumat verilib. Daha sonra akt zalında qonaqların iştirakı ilə davam etdirilən tədbirdə çıxış edən idarə rəisi, polis polkovniki Nazim Həsənov 28 illik həsrətə 44 gündə son qoyan ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevə və xalqımıza arxalanaraq böyük zəfər qazandığını qeyd edib. Torpaqlarımızın sülh yolu ilə qaytarılması üçün göstərilən diplomatik səylərin nəticəsiz qalmasından sonra “Dəmir yumruq” əməliyyatı ilə düşmənə ağır zərbə vurulduğunu və onun kapitulyasiya aktına imza atmağa məcbur edildiyini yada salan polis polkovniki, DİN Daxili Qoşunların hərbçilərinin də cəbhədə qanla yazılan qəhrəmanlıq salnaməsinə öz adlarını həkk etdiklərini vurğulayıb.
Zəfərin ikinci ildönümü münasibətilə Binəqədi RPİ-də keçirilən tədbirdə Vətən müharibəsində hərbçilərimizin dünya hərb tarixinə düşən qəhrəmanlığından söz açılıb. İdarə rəisinin xidmət üzrə müavini, polis polkovnik-leytenantı Vüsal Axundov çıxışında DİN Daxili Qoşunlarının xüsusi təyinatlı dəstələrinin ön cəbhədə, arxa cəbhədə isə sabitliyi təmin edən polis əməkdaşlarının daxili işlər orqanlarının adını tariximizin növbəti taleyüklü mərhələsində layiqincə doğrultduğunu qeyd edib.

Daha sonra idarənin əməkdaşları şəhid hərbi qulluqçularımızın ailələrinə baş çəkib, şəhid məzarlarını ziyarət ediblər.
Biləsuvar və Cəlilabad Rayon Polis şöbələrinin əməkdaşları da Zəfər Günü ərəfəsində işğal altında olan Vətən torpaqlarının azad olunması uğrunda mərdliklə döyüşərək şəhid olmuş hərbi qulluqçuların məzarlarını ziyarət ediblər.
Bayram münasibətilə ağacəkmə kampaniyası keçirən Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları xüsusi ayrılmış ərazidə rayonun iqlim şəraitinə uyğun olan 100-dən artıq ağac əkiblər.
Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olan Daxili Qoşunlarının hərbi qulluqçuları Seymur Həsənli və Həsən Abdullayevin ailə üzvlərini ziyarət ediblər.

Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə baş çəkən Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları da şəhidlərimizin ailə üzvlərini təbrik edib, onlara mənəvi dəstəklərini ifadə ediblər.
Görüşlər zamanı müqəddəs amal uğrunda canlarından keçən mərd oğullarımızın qəhrəmanlıqla dolu döyüş yolu xatırlanıb, hər birinin göstərdiyi igidlikdən bəhs edilib.

Gəncə regional qrupumuzdan aldığımız məlumata görə, Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində Vətən torpaqlarının azad olunması uğrunda mərdliklə döyüşərək şəhid olmuş DİN-in Daxili Qoşunlarının hərbi qulluqçusu, baş çavuş Vüqar Əkbərovun anım mərasimi keçirilib. Mərasimdə Tovuz Rayon Polis və Rayon Mühafizə şöbələrinin şəxsi heyəti, Daxili Qoşunların hərbi qulluqçuları, şəhidin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyəti iştirak edib.
Saatlıda Zəfər Günü ilə əlaqədar təşkil edilən tədbirdə RPŞ-nin rəhbərliyi və əməkdaşları Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, önünə tər güllər düzüblər.

Sonra isə Vətən müharibəsi iştirakçılarının və polis əməkdaşlarının iştirakı ilə Gənclər Evində davam edən tədbirdə çıxış edənlər şanlı qələbəmizdən fərəhlə danışıblar. Bildirilib ki, qüdrətli ordumuzun gücü sayəsində 30 il işğal altında olan torpaqlarımız azad edildi, müqəddəs amal uğrunda canlarından keçən şəhid oğullarımızın qisası alındı.

Tədbirdə həmçinin, Vətən müharibəsi zamanı döyüşlərdə fərqlənən və hazırda Saatlı RPŞ-də xidmət edən polis əməkdaşına təltif olunduğu medallar da təqdim edilib. Sonda isə şöbənin kollektivi DİN Daxili Qoşunlarının şəhid hərbi qulluqçusu Anar Məmmədovun məzarını ziyarət ediblər.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər