Logotype

1933-cü ildən çıxır

Xəbərlər

02.11.2022

Narkomaniya bəşəriyyətin düşmənidir

Səbail Rayon Polis İdarəsinin təşkilatçılığı ilə “Narkotik əsrin bəlasıdır, zərərli vərdişlərə yox deyək” mövzusunda 132-134 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib.

Tədbirdə Rayon Polis İdarəsinin rəhbərliyi və əməkdaşları, Rayon İcra Hakimiyyətinin, digər dövlət orqanlarının nümayəndələri, orta məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.

Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Hikmət Qasımov çıxışında cəmiyyətin ciddi bəlasına çevrilən, mənəvi və əxlaqi dəyərlərə böyük zərbə vuran narkomanlığın bütün dünya üzrə ən ağrılı problemlərdən olduğunu bildirib, onun yaratdığı təhlükələr və məhvedici təsirləri barədə geniş məlumat verib. Narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində ölkəmizdə aparılan qətiyyətli mübarizə tədbirlərinə diqqət çəkən idarə rəisi Vətən müharibəsində zəfərin məhz sağlam gəncliyin sayəsində əldə edildiyini, polisin barışmaz mübarizəsinin də sağlam gələcəyin təminatına yönəldiyini vurğulayıb.

Tədbirdə çıxş edənlər ümumbəşəri bəlaya qarşı mübarizədə cəmiyyətin hər bir üzvünün fəallıq göstərməsinin əhəmiyyətini qeyd edərək, şagirdlərə cinayətə meyilli şəxslərin təsiri altına düşmədən doğru yolu seçmələri, yüksək savada sahib olmaqla xalqımız və dövlətimiz üçün faydalı vətəndaş kimi yetişmələrini tövsiyə ediblər.
Daha sonra mövzu ilə bağlı suallar cavablandırılıb.
Narkomaniya ilə mübarizəyə həsr olunmuş növbəti tədbir Gənclər və İdman Nazirliyi, Suraxanı Rayon İcra Hakimiyyəti, Suraxanı Gənclər Evi və El -1 idman liqasının, Gənclərin Mədəniyyətlərarası Əməkdadaşlıq Liqasının sədri Elçin Çobanzadənin təşkilatçılığı, AZTV (İdman TV) informasiya dəstəyi ilə Suraxanı Gənclər Evində keçirilib. Tədbirdə DİN Mətbuat Xidmətinin rəis müavini, polis polkovnik-leytenantı Hafiz Təmirov, Suraxanı Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik leytenantı Surxay Vəliyev, Rayon İcra Hakimiyyətinin nümayəndələri Anar Qüdrətov, Mətanət Zeynalova, şəhid ailələri, qazilər və digər qonaqlar iştirak edib.

Şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edənlər Azərbaycanda narkomaniyaya qarşı aparılan mübarizənin müxtəlif istiqamətlərindən, mübarizə prosesində məktəblərin xüsusi rolundan söz açaraq qeyd ediblər ki, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Xüsusi vurğulanıb ki, cəmiyyətin ciddi bəlasına, xalqların təhlükə mənbəyinə çevrilmiş narkomaniya, sərhəd tanımayan, qlobal xarakter daşıyan beynəlxalq problemdir və bu problemin həllinə xidmət edən mühüm addımlardan biri yeniyetmə və gənclərin polisin mübarizəsinə dəstək vermələridir.

Balakən rayonunun Qabaqçöl qəsəbə tam orta məktəbində də şagirdlərlə görüş keçirilib. Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə keçirilən görüşdə narkotik vasitələrin, psixotrop maddələrin və digər zərərli vərdişlərin fəsadlarından, gənc nəslin sağlamlığı üçün yaratdığı təhlükədən danışılıb.

Tədbirdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Elxan Zamanov ölkəmizdə narkomaniyanın qarşısının alınması istiqamətində görülən işlərdən söz açıb, bu öldürücü bəlanın səbəb olduğu faciələr barədə ətraflı məlumat verib. Həmçinin, yeniyetmə və gənclərin zərərli vərdişlərdən çəkindirilməsinin, asudə vaxtlarının səmərəli təşkilinin vacibliyi qeyd edilib.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər