Logotype

1933-cü ildən çıxır

Xəbərlər

27.10.2022

Milli qəhrəmanın xatirəsi anılıb

Birinci Qarabağ müharibəsində igidliyi ilə tarix yazan və şəhidlik zirvəsinə ucalan polis baş serjantı, Azərbaycanın Milli Qəhrəmanı Vasiliy Əliyevin anım günü ilə əlaqədar Qubadlı Rayon Polis şöbəsinin rəhbərliyi onun ata yurdunda məzarını ziyarət ediblər.
Qubadlı RPŞ-nin rəisi, polis polkovniki Bəhruz Cabbarov şəhidimizin keçdiyi döyüş yolundan, cəsurluğundan söhbət açıb, onun gənc nəslə örnək bir ömür yaşadığını bildirib.

Qeyd olunub ki, Vasiliy kimi qəhrəman oğullarımızın qanı yerdə qalmadı. Xalqımızın birliyi, Ali Baş Komandanın iradəsi, qətiyyəti və ordumuzun gücü sayəsində torpaqlarımız 44 günlük Vətən savaşından sonra öz bütövlüyünə qovuşdu. Tarixi ədaləti bərpa etməklə düşmənə və onun havadarlarına sübut etdik ki, Azərbaycan regionun ən güclü, qüdrətli dövlətidir.

Daha sonra çıxış edənlər qəhrəmanın döyüş yolundan, mübarizliyindən söz açıb, şəhidlərin əziz xatirəsinin heç bir zaman unudulmayacağını vurğulayıblar.
Polis baş serjantı Vasiliy Əliyev 1959-cu ildə Qubadlıda doğulub. 1980-ci ildə Qubadlı Rayon Polis Şöbəsində xidmətə başlayıb. 1992-ci ilin oktyabrın 20-də Qubadlının müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, Azərbaycan Respublikasının Prezidentinin 11 may 1993-cü il fərmanı ilə "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülüb.

Yeri gəlmişkən, şəhid polis baş serjantı Vasiliy Əliyevin həyat yoldaşı Aygün Əliyeva Sumqayıt ŞPİ-nin Kadr və peşə hazırlığı qrupunun baş inspektoru, polis mayorudur, oğlu Elmir Əliyev Sumqayıt ŞPİ-nin xidmətetmə personalının sürücüsü, polis baş serjantıdır. Qızı Zülfiyyə Əliyeva isə Sumqayıt ŞPİ-nin katibliyinin operatorudur.

Ruslan Vəliyev,
polis baş leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər