Logotype

1933-cü ildən çıxır

Xəbərlər

16.10.2022

Onlara xilaskar deməkdə haqlıyıq

Bir neçə gün əvvəl Kür-Bakı su kəmərinin Qaradağ ərazisindən keçən hissəsində baş verən qəza nəticəsində Bakı-Qazax yolunun bir hissəsinin suya qərq olması ciddi hadisə idi. Olayın qarşısını almaq, ərazidən keçənlərin təhlükəsizliyini təmin etmək üçün bütün əlaqədar qurumlar səfərbər olmuşdu. Sosial şəbəkələrdə yayılan videolarda isə ərazidə daha çox yol polisinin əziyyət çəkdiyi görünürdü. Çünki hadisə yolda baş vermişdi və yüzlərlə nəqliyyat vasitəsinin rahat, təhlükəsiz hərəkəti təmin olunmalı idi.

Görüntüləri, polis əməkdaşlarının düşdüyü vəziyyəti ürəkağrısı ilə izləməmək mümkün deyil. Boğazlı çəkmələr geyinsələr də ayaqları suyun içində idi. Çəkmələrinə dolmuş suyu boşaldıb yenidən xidmətə davam edirdilər.
Sürücülər rahat, daha təhlükəsiz yolla mənzil başına çatsınlar deyə suyun, palçığın içində xidmət aparmağın bir adı da fədakarlıq deyilmi?
Mənim və bir çox izləyicilərin həmin görüntüləri paylaşması təəssüflər olsun ki, bəzilərinin polisə olan kinini, nifrətini sanki körüklədi. “Burada nə var ki? İşlərini görürlər də” kimi fikirlər yazmaqla ağı-qaradan seçmədiklərini bir daha isbatlamış oldular.

Yerindən, məkanından, baş vermə səbəbindən asılı olmayaraq, harada insan həyatı təhlükədədirsə, polis orada xilaskar olmağı özünə şərəf bilir. Yeri gəlmişkən, yanğın baş verən binalarda, obyektlərdə insanları xilas etmək polisin işi deyil, amma vicdanı yol vermədiyi üçün o, dayanıb baxmağı özünə sığışdıra bilmir və alovun, tüstünün içinə girib can qurtarır.
Yolda, sükan arxasında halı pisləşənlərə, köməyə ehtiyacı olanlara polis hər zaman kömək edib. Sosial şəbəkələrdə bununla bağlı onlarla, yüzlərlə belə fakt var. Bu cür görüntüləri sosial şəbəkələrdə polis yaymır. Hansısa vicdanlı vətəndaş çəkib paylaşır.

Bəli, polis təhlükəsizliyi təmin etməlidir. Zərurət yarananda bu cür hal yaşanırsa deməli, normal insan bunu fədakarlıq kimi qəbul edib, alqışlamalıdır. Unutmaq lazım deyil ki, polis hansısa işi görəndə kimdənsə “sağol” eşitməyi düşünmür. Gəlin, sağol deməyi də bacaraq. Məsələn, istidə, yağışda, qarda bizə yol göstərən, tıxacla mübarizə aparan polislərə təbəssüm göstərib “çox sağol” desək, onlara nə qədər mənəvi dəstək göstərmiş olarıq. Mən bunu dəfələrlə etmişəm və yorğun, əzgin polisin çöhrəsinə gülüş qonduğunu, gözlərinin güldüyünü görmüşəm.
Uzun sözün qısası: Yaxşı iş görən hər kəsə təbəssüm göstərib “çox sağol” demək həm də mədəniyyətin göstəricisidir.

Elməddin Muradlı,
DİN yanında İctimai
Şuranın üzvü, Avtosfer.az
saytının baş redaktoru

Geriyə Çap et


Faydalı keçidlər
Linklər