Logotype

1933-cü ildən çıxır

Xəbərlər

13.10.2022

Qəzaya düşən ailənin xilaskarları

Qaradağ rayonu ərazisində xidmət aparan Əlahiddə Çevik Polis Alayının 10-cu Patrul Bölüyünün əməkdaşları baş vermiş yol-nəqliyyat hadisəsində ata və üç azyaşlının həyatını xilas ediblər.
Hadisə Bakı-Qazax yolunun 14-cü kilometrliyində - “körpünün üstü” deyilən yerdə baş verib. Belə ki, Yasamal rayonunda yaşadığı ünvandan “Mitsubishi L200” markalı avtomobillə rayon istiqamətində hərəkət edən sürücünün halı qəfil pisləşib və o, sükan arxasında huşunu itirib. Üç azyaşlının olduğu avtomobil adıçəkilən yerdə yol kənarındakı dəmir dirəklərə çırpılıb. Xoşbəxtlikdən ərazidə xidmət aparan ƏÇPA-nın 10-cu Patrul Bölüyünün əməkdaşları – polis nəfərləri, polis serjantları Elnur Təhməzli, Elnur Sədali, kiçik serjantlar Asim Bəbirli və Nizami Ədilov yaxınlıqda olub və dərhal onun köməyinə çatıblar. Onlar ata və üç azyaşlını avtomobildən çıxararaq ilk tibbi yardım göstərib, psixoloji dəstək olublar. Polis əməkdaşları hadisə barədə aidiyyəti üzrə rəhbərliyə məruzə etdikdən sonra qəzaya düşən sürücünün həyat yoldaşına məlumat veriblər və xəsarət alanları xidməti avtomobillə xəstaxanaya aparıblar.
Yeri gəlmişkən onu da qeyd edək ki, kiçik serjant N.Ədilov Vətən müharibəsi qazisidir.

Teymur Əlizadə,
polis mayoru

Geriyə Çap et


Faydalı keçidlər
Linklər