Logotype

1933-cü ildən çıxır

Xəbərlər

26.09.2022

Zəfər salnaməsini yazanlar Tarixi ədaləti və torpaqlarımızın bütövlüyünü bərpa edənlərin doğmaları bizə əmanətdir

Sabunçu Rayon Mühafizə İdarəsinin rəhbərliyi və bir qrup şəxsi heyəti 27 sentyabr Anım Günü ilə əlaqədar rayon ərazisindəki Şəhidlər Xiyabanına baş çəkərək ərazi bütövlüyümüz uğrunda canlarını fəda edən Vətən övladlarının məzarları üzərinə gül-çiçək dəstələri qoyub, əziz xatirələrini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə RMİ-nin əməkdaşları ilə yanaşı, şəhidlərin ailə üzvləri və rayon ictimaiyyəti də iştirak edib.

Ziyarət zamanı bildirilib ki, müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların hər cür qayğı ilə əhatə olunması Prezident İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindəndir. Həmçinin, tədbirdə şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın igidlik və şücaətindən danışılıb, onların fədakarlıqlarının qəlblərdə əbədi yaşayacağı qeyd olunub.

Tədbirin davamı olaraq şəxsi heyət RMİ-nin əməkdaşları, şəhid qardaşları, kiçik serjantlar Cəlal Məhərrəmovla, Rauf Piriyevlə və Ziqam Abbasovla, eləcə də onların ailə üzvləri ilə görüşüblər. Görüşdə müqəddəs amal uğrunda şəhid olanların hər birinin ən ali zirvəyə ucaldığı diqqətə çatdırılıb. Şəhid əməkdaşların ailələrinə RMİ-nin rəisinin müvafiq əmri ilə maddi yardım da göstərilib.

27 sentyabr Anım Günü ilə bağlı daha bir tədbir Polis Akademiyasında baş tutub. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Akademiyanın rəisi, polis general-mayoru Canpolad Daanov çıxışı zamanı igidlərimizin şücaəti, əzmi hesabına 30 il işğal altında olmuş torpaqlarımızın cəmi 44 gündə azad olunduğunu, tarixi ədaləti bərpa etdiyimizi bildirib. Qeyd olunub ki, döyüşlərdə Azərbaycan əsgəri əsl qəhrəmanlıq, fədakarlıq və vətənpərvərlik nümunələri göstərib.
Tovuz Rayon Polis Şöbəsinin rəhbərliyi və əməkdaşları Anım Günü ilə əlaqədar Vətən müharibəsində şəhid olmuş DİN Daxili Qoşunların hərbi qulluqçusu Vüqar Ələkbərovun ailə üzvlərinə baş çəkib, qayğıları ilə maraqlanıblar.
Görüşdə V.Ələkbərovun keçdiyi şərəfli döyüş yolu xatırlanıb, hünərindən, qorxmazlığından bəhs edilib.

Sonra şəhidin məzarı ziyarət olunub.
Anoloji tədbir İmişli rayonunda da keçirilib. RPŞ-nin rəhbərliyi və kollektivi Daxili Qoşunların şəhid hərbi qulluqçusu Abas Şahbazovun əvvəlcə ailəsini, sonra məzarını ziyarət ediblər. Əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunaraq ruhuna dualar oxunub.
Həmçinin, şöbə əməkdaşları 1990-cı illərdə mənfur düşmənlərimizə qarşı mərdliklə vuruşaraq Hadrut rayonunun Şaqax kəndində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan polis əməkdaşı, Milli Qəhrəman İmamverdi Əliyevin məzarına da baş çəkiblər. Onun əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbir şəhidlərə həsr olunmuş ağacəkmə aksiyası ilə davam etdirilib.
Daxili Qoşunların şəhid hərbi qulluqçusu İsmayıl Məmmədovun ailə üzvlərini ziyarət edən Sabirabad Rayon Polis Şöbəsinin rəhbərliyi və şəxsi heyəti şəhidlərin əziz xatirəsinin xalqımız tərəfindən daim əziz tutulduğunu, onların ailələrinin dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayıblar.
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları Anım Günü ilə əlaqədar Daxili Qoşunların hərbi qulluqçusu Elsevər Piriyevin ailəsinə baş çəkiblər. Sonra şəhidin məzarı ziyarət edilib, önünə gül-çiçək dəstələri qoyulub.

Tədbirdə şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi şücaət və qəhrəmanlıqlardan danışılıb, gələcək nəsillər üçün örnək olduğu diqqətə çatdırılıb.
Daha bir neçə görüş Cəlilabad rayonunda baş tutub. RPŞ-nin əməkdaşları Vətən müharibəsində şəhid olmuş dörd hərbi qulluqçunun - Fərid Hüseynovun, Mirsəfa Mirəşrəfbəylinin, Elnur Bağırovun və Ayaz Abasovun ailələrini ziyarət edib, ərzaq yardımını onlara təqdim ediblər. Görüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın igidlik və şüacətindən danışılıb, onların fədakarlıqlarının qəlblərdə əbədi yaşayacağı vurğulanıb.

Anım Günündə Sabunçu Rayon Polis İdarəsinin rəhbərliyi, eləcə də əməkdaşları rayon ərazisindəki Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin məzarları önünə əklil qoyub, ruhlarına dualar oxuyublar. Onların keçdiyi şərəfli döyüş yolu xatırlanıb, hünərindən, qorxmazlığından bəhs edilib.

Bakı Şəhər Baş Polis İdarəsinin Veteranlar Şurasının sədri və üzvləri də Şəhidlər xiyabanını ziyarət ediblər. Sonra Vətən müharibəsi Qəhrəmanı Azad Hümbətovun ailəsinə baş çəkiblər. Şuranın sədri Emin Məmmədov Baş İdarə, eləcə də veteranlar adından şəhidin valideynlərinə hörmət və ehtiram əlaməti olaraq səbr, əzm diləyib.
Şəhid ailələri onlara göstərilən qayğıya görə Azərbaycan Polisinə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, 27 sentyabr Anım Günü ilə bağlı anoloji tədbirlər Masallı, Astara, Tərtər, Yevlax, Zaqatala və digər şəhər-rayon polis şöbələri tərəfindən də keçirilib.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər