Logotype

1933-cü ildən nəşr olunur

Xəbərlər

05.09.2022

Vətən unudulmur, Vətən unutmur...

1988-ci il hadisələrinin senarisi hələ illər öncə hazır idi. Elə SSRİ-nin dağılması və ondan sonra baş verənlərə hazırlıq proseslərinin necə və hansı şəraitdə həyata keçirilməsi də planlaşdırılmışdı. Sovetlər Birliyinin içindən yıxılması dünyanı idarə etmək istəyən güclərin daha da güclənməsinə yol açırdı. Çünki özündə 15 müttəfiq respublikanı birləşdirən, nüvə arsenalına malik dövlətin parçalanması yeni siyasi prosesləri sürətləndirəcəkdi. Bu, belə də oldu. “Bütün imperiyalar məhvə məhkumdur” fikri öz təsdiqini tapdı. Lakin məsələ bununla bitmədi. Parçalanmış dövlətin yenidən imperiya olaraq deyil, bir fövqəl güc kimi ondan ayrılan parçalara hökm etməsi üçün siyasi, iqtisadi təsir vasitələri vardı.

Siyasi və fiziki xəritələr üzərində aparılan “cərrahi” əməliyyatları böyük bir siyasi ustalıqla həyata keçirən “SSRİ-dən qalma” ideoloqlar yeni münaqişə ocaqlarının yaranması üçün “B” planını işə saldılar. Regionda gücə çevriləcək türk və müsəlman dövlətlərin başı qonşularla müharibəyə qatışacaq və beləcə qorxulu röyaya çevriləcək TURANa gedən yol bağlanacaqdı. İlk hədəf əlverişli coğrafi şəraiti, təbii sərvətləri, neftlə zəngin bir ölkə olması, ən əsası multikultural dəyərlərə sadiqliyi ilə qoynunda yaşayan millətləri birliyə, quruculuğa səsləyən Azərbaycan oldu.

Tarixi Azərbaycan torpaqlarından, yəni Ermənistandan soydaşlarımızın deportasiya olunması hadisələrin daha kəskin xarakter almasına rəvac verdi. Siyasi çaxnaşmalardan ustalıqla istifadə edən haylar havadarlarının köməkliyi ilə Azərbaycana qarşı torpaq iddiaları ilə çıxış etdilər. Sən demə “Dənizdən-dənizə böyük Ermənistan”ı əhatə edən torpaqların əksəriyyətini Azərbaycan işğal edibmiş. Güclü diaspor, beynəlxalq aləmə yalan informasiyanın ustalıqla tirajlanması, Ermənistan dünyanın hər yerindən humanitar yardım adı altında gətirilən silahlar və rusların “Qorxma, mən səninləyəm!” dəstəyi regionda qüvvələr balansını dəyişdi...

1991-ci ildən başlayaraq topraqlarımızın işğalı həyata keçirilməyə başladı. Şuşanın işğalı siyasi və hərbi uğursuzluğumuzun əsasını qoydu. Laçının, Kəlbəcərin, Xocalının, Qubadlının, Füzulinin, Zəngilanın, Ağdamın süqutu isə həmin illərdə xalqı məhvə sürükləyən siyasi hərc-mərcliyin, xaosun, başıpozuqluğun nəticəsi idi...

Bu acı xronologiyaya Vətən müharibəsində qazandığımız tarixi Qələbə son qoydu. Ancaq tarixdən hər zaman ibrət götürməliyik. 30 illik həsrətə 44 gündə son qoyduq-Biz bunu xalq olaraq bacardıq. Haqq uğrunda apardığımız müharibə dünyanın dilində əzbər oldu. Azərbaycan əsgərinin şücaətini möcüzə adlandırıb ən tanınmış media təmsilçiləri ondan yazdılar. Azərbaycan adı bu dəfə neft ölkəsi kimi deyil, qalib bir ölkə kimi gündəmi zəbt etdi.

Və qazandığımız hər qələbədə, hər bir uğurda Azərbaycan Polisinin də əməyi, zəhməti var. O çətin günlərdə səngərlərdə sinəsini sipər edən həmkarlarımız Vətən müharibəsi başlayanda da ordu ilə birlikdə çiyin-çiyinə verib Vətənin müdafiəsinə qalxdı. Arxa cəbhə arın-arxayın, təhlükələrdən uzaq olsun deyə 44 gün yuxu nədir bilmədi polisimiz.

Bu gün işğaldan azad olunmuş torpaqlarımızda asayişi, sabitliyi qorumaqla Vətən qarşısında borcumuzu yerinə yetiririk. Və illər öncə torpaqlarımızın müdafiəsi uğrunda şəhidlik zirvəsinə ucalan həmkarlarımızı, Laçın RPŞ-nin şəhid əməkdaşlarını-Azərbaycanın Milli Qəhrəmanları Oktay Güləliyevi, İsrafil İsaverdiyevi, Qorxmaz Eyvazovu hörmət və ehtiramla anır, ruhunuz şad olsun deyirik.

Yeri gəlmişkən, azadlığına qovuşan Laçınımızda həmkarlarımızın xidmətini fotolentin yaddaşına köçürən media nümayəndələri necə böyük bir işə imza atdıqlarının bəlkə də fərqində deyillər. Çünki həmin fotoları dost da görür, düşmən də. Elə illər öncə haylara dəstək verib torpaqlarımızın işğalında əli olanlar da.

T.Hafiz

Geriyə Çap et


Faydalı keçidlər
Linklər