Logotype

1933-cü ildən çıxır

Xəbərlər

14.08.2022

Qəhrəmanlara medallar təqdim olundu

Nərimanov RPİ-də növbəti rəisyanı əməliyyat müşavirəsi keçirilib. Müşavirədə Vətən müharibəsində iştirak etmiş, hazırda isə idarədə xidmət edən polis əməkdaşlarına medallar da təqdim olunub.

İclas torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçularımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

İdarənin rəisi, polis polkovniki Vaqif Müslümov çıxışında 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham
Əliyevin rəhbərliyi ilə qazandığı tarixi qələbədən söz açıb, əsgərlərimizin misilsiz igidlik göstərdiklərini və tariximizə yeni qəhrəmanlıq salnaməsi yazdıqlarını qeyd edib.

Bildirilib ki, müharibədən sonra şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində göstərilən böyük diqqət və qayğı ilə yanaşı, hər birimiz onlara dərin hörmət bəsləməli, problemlərinin həllinə çalışmalıyıq. Müharibə iştirakçılarının daxili işlər orqanlarında xidmətə qəbul edilməsini daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun daim diqqət mərkəzində saxladığını yada salan idarə rəisi, bunun şəxsi heyət arasında vətənpərvərlik ruhunun yüksəlməsinə də təsir etdiyini qeyd edib. Yeni əməkdaşların müharibə vaxtı səngərdə göstərdikləri dözüm, rəşadət və fədakarlıqları bundan sonra rayon ərazisində cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunmasında sərgiləyəcəklərinə əminlik ifadə edilib.

Daha sonra “Vətən müharibəsi iştirakçılarının təltif edilməsi haqqında” Azərbaycan Prezidentinin Sərəncamına əsasən Vətən müharibəsində aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə verdiklərinə görə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş, hazırda isə Nərimanov PPXB-də xidmət edən polis serjantı Ceyhun Abışova və polis kiçik serjantları Ələddin Nəbiyevə, Məmmədhüseyn Mehdiyevə, Xəzər Daşdəmirova, Sabir Nurullayevə, Turqay Hüseynzadəyə medallar təqdim edilib.
İclas rayon ərazisində əməliyyat şəraitinin və gündəlikdəki digər məsələlərin müzakirəsi ilə davam etdirilib.

R.Mehtiyev

Geriyə Çap et


Faydalı keçidlər
Linklər