Logotype

1933-cü ildən çıxır

Xəbərlər

07.08.2022

Diplomatik nümayəndəliklərin mühafizəsi əmin əllərdədir

Azərbaycanın Britaniyadakı səfirliyinə edilən məlum radikal hücum fonunda diplomatik nümayəndəliklərin mühafizəsi aktual mövzuya çevrildiyindən, ölkəmizdə bu vacib missiyanı həyata keçirən Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Diplomatik Nümayəndəliklərin mühafizəsi üzrə Əlahiddə Polis Taboruna baş çəkdik.

Əvvəlcə onu qeyd edək ki, taborun həyətində yaradılan səliqə-sahman, aparılan abadlıq və yaşıllaşdırma işləri o dəqiqə diqqət çəkir. İnzibati binanın qarşısında, həm açıq havada qurulan idman meydançasında, həm də qapalı zalda əməkdaşların fiziki hazırlıq səviyyələrinin yüksəldilməsi üçün zəruri avadanlıq və idman alətləri quraşdırılıb. Elə biz orada olarkən qorunan inzibati binanın silahlı hücumdan müdafiəsi üzrə təlim-məşqlər keçirilirdi.

Öyrəndik ki, taborun şəxsi heyəti növbəli iş rejimində xidmət etdiyinə görə burada fiziki hazırlıq məşqləri gündəlik keçirilir. Tabor komandirinin iştirakı ilə ayda bir dəfə əməkdaşlardan normativlər götürülür. Əlbəyaxa döyüş növləri üzrə də mütəxəssis dəvət edilib. Hətta Polis Akademiyasına qəbul öncəsi mandatdan keçən namizədlərin fiziki hazırlıq normativləri də yaradılan şəraitə görə burada aparılır.

Taborun komandiri, polis polkovnik-leytenantı Əli Abdullayev qəzetimizə bildirdi ki, ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsini DİN rəhbərliyi xüsusilə diqqət mərkəzində saxlayır. Onun sözlərinə görə, yüksək hazırlıq səviyyələri ilə fərqlənən taborun əməkdaşlarının fəaliyyəti dövlətlər arasında gedən hərbi-siyasi proseslərlə sıx bağlıdır: “Səhər təlimatında postlarda xidmətin təşkili məsələlərilə yanaşı, dünyada baş vermiş siyasi dəyişikliklər, hadisələr, terror aktları barədə şəxsi heyətə məlumat verilir. Harada nə baş verir, onları analiz edir və ölkəmizdəki diplomatik nümayəndəliklərlə bağlı arzuolunmaz hadisələrlə üzləşməmək üçün əlavə tədbirlər görürük”.

Komandir qeyd edir ki, tabor 30 səfirliyi, 3 nümayəndəliyi, 2 iqamətgahı mühafizə edir. Bu diplomatik korpusların yerləşdikləri ərazilərdə stasionar postlarda polis əməkdaşları xidmət etməklə bərabər, həmin ərazilər “Təhlükəsiz şəhər” sisteminə qoşulmuş kameralar vasitəsi ilə fasiləsiz vizual müşahidə altında saxlanılır: “Əgər hər hansı bir insident olarsa, həmin ərazi dərhal nəzarətə götürülür və müvafiq tədbirlər görülür”.

Səfirliklərin mühafizəsinin onların təhlükəsizlik xidmətləri ilə qarşılıqlı formada təmin edildiyini vurğulayan Ə.Abdullayev taborun şəxsi heyəti üçün xüsusi seminarlar təşkil edildiyini deyir: "ABŞ və İsrail səfirlikləri ilə treninqlər keçirilib, Rusiya səfirliyiylə oxşar seminarın keçirilməsi razılaşdırılıb. Bu treninqlərdə səfirliklərə edilən hücumlar, baş vermiş insidentlər öyrənilir, mühafizədə buraxılan boşluqlar təhlil edilir və xidmətin təşkilində, təkmilləşməsində istifadə olunur".

Sonda komandirdən Londondakı səfirliyimzə hücumdan sonra Britaniyanın ölkəmizdəki səfirliyinin mühafizəsinin gücləndirilib - gücləndirilmədiyini soruşduq: “Elə həmin gündən biz oraya əlavə qüvvə təhkim etmişik və səfirliyin qorunmasını gücləndirmişik. Bu hadisə ilə bağlı virtual akt zalında görüntülər göstərilib və əməkdaşlarla hər hansı oxşar hadisələr təkrarlanmasın deyə izahedici işlər aparılıb”.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər