11.07.2022
Diqqət göstərmək, dəstək vermək borcumuzdur Vətəni bütövlüyünə qovuşduranların yadigarları bizə əmanətdir
Hər il olduğu kimi, bu il də Qurban bayramı ölkəmizdə böyük sevinc və yüksək əhvali-ruhiyyə ilə qeyd olundu. Həmrəyliyin, saflıq və mərhəmətin təntənəsinə çevrilən bu bayramda tənhalarla, aztəminatlı ailələrlə yanaşı, torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanların ailə üzvləri, qazilər də ziyarət olunur, onlara diqqət və qayğı göstərilir.
Bu il də həmkarlarımız ənənələrinə sadiq qalıb Vətəni bütövlüyünə qovuşduranların ailə üzvlərini, övladlarını bayram sovqatları ilə sevindiriblər.
Xızı, Göyçay, Bərdə, Beyləqan, Biləsuvar, Lənkəran, Xaçmaz, Masallı, Şəki, Oğuz, İsmayıllı və digər Polis Şöbələrinin əməkdaşları onları ziyarət edib, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçənlərin əziz xatirəsini ehtiramla anıblar.
Astarada isə Rayon Polis Şöbəsinin əməkdaşları Vətən müharibəsində şəhid olan DİN-in Daxili Qoşunlarının hərbi qulluqçusu, baş çavuş Orxan Babayevin ailəsini ziyarət ediblər. Qeyd olunub ki, Vətən torpaqları və müqəddəs amal uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi daim qəlblərdə yaşayacaq, onların igidlik və qəhrəmanlıq dolu ömür yolu gənc nəsillər üçün daim örnək olacaqdır.
Görüşlərdə bildirilib ki, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi xalqımız tərəfindən daim əziz tutulur. O da vurğulanıb ki, müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların hər cür qayğı ilə əhatə olunması dövlət rəhbərliyi tərəfindən həyata keçirilən siyasətin əsas istiqamətlərindəndir.
Şəhid ailələri, qazilər göstərilən diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.