Logotype

1933-cü ildən çıxır

Xəbərlər

05.07.2022

Əməkdaşlarımız beynəlxalq təcrübəni öyrənir

Əməkdaşlarımız Budapeşt şəhərində keçirilən subregional təlimdə iştirak ediblər. Avropa İttifaqının Hüquq mühafizə Təlimləri üzrə Agentliyinin (CEPOL) Şərq Tərəfdaşlığı ölkələri üçün “TOPCOP” layihəsi çərçivəsində həyata keçirdiyi “Qeyri-qanuni miqrasiyanın idarə edilməsi – insan hüquqlarına uyğun müsahibə üsulları” adlı təlimə Azərbaycan, Moldova və Gürcüstanın nümayəndə heyətləri qatılıb.

Ölkəmizi DİN-in əməkdaşları, polis mayoru Vaqif Əzizov, polis baş leytenantları İlham İsmayılov, Rüstəm Diniyev və İsmayıl Muxtarovdan ibarət nümayəndə heyəti təmsil edib. Həmçinin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Dövlət Miqrasiya Xidmətinin işçiləri təlimə qoşulublar.

Tədbirlə bağlı “Polis”ə məlumat verən polis mayoru Vaqif Əzizov bildirib ki, proqram çərçivəsində qanunsuz miqrasiya qurbanı olmuş şəxsin səhnə obrazı yaradılıb və həyat hekayəsi dinlənilib. Müvafiq təlimata uyğun olaraq səhnələndirilmiş obrazın problemləri, təqdim olunan məlumatların analizi, eyni zamanda qeyri-qanuni miqrasiya marşrutlarının və mütəşəkkil cinayətkar dəstələrin müəyyən edilməsi istiqamətində müzakirələr aparılıb.

Daha sonra qanunsuz miqrasiya qurbanı olmuş şəxslərdən ilkin ifadənin alınması, təhqiqat və istintaq hərəkətlərini özündə əks etdirən təlim keçirilib. Hər 3 ölkənin nümayəndə heyətləri tərəfindən əməliyyat tədbirləri, habelə dindirmə və prosessual hərəkət bacarıqları nümayiş olunub.

Təlimçilərin mütəşəkkil dəstə tərəfindən törədilən cinayətlər mövzusundakı dərsləri iştirakçıların marağına səbəb olub. Eyni zamanda insan alveri, çirkli pulların yuyulması, silah alveri ilə əlaqəli cinayətlərdən, narkotik vasitələrin qanunsuz dövriyyəsindən bəhs edilib, qanunsuz miqrasiya sahəsində cinayət törədən şəxslərin tutulması ilə bağlı videolar izlənilib.
Təlimin sonunda iştirakçılara müvafiq sertifikat və xatirə hədiyyələri verilib.

Rəşad Mehtiyev,
polis baş serjantı

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər