Logotype

1933-cü ildən çıxır

Xəbərlər

30.06.2022

Polislərin şahmat turniri

DİN-in İdman Cəmiyyətində təqvim planına uyğun olaraq daxili işlər orqanlarının əməkdaşları arasında şahmat turniri keçirilib. Yarışdan öncə Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən İdman Cəmiyyətinin rəisi, polis polkovniki Zemfira Meftahətdinova polis əməkdaşları arasında şahmat yarışlarının keçirilməsinin ənənə halını aldığını, həmkarlarımızın idmanın başqa növlərində olduğu kimi, bu sahədə də özlərini sınadıqlarını və nailiyyətlər qazandıqlarını bildirib, iştirakçılara uğrular arzulayıb.
Daha sonra turnirə start verilib.

DİN İdman Cəmiyyətinin idmanın təşkili şöbəsinin rəisi, polis polkovnik-leytenantı Munir Orucov qəzetimizə bildirib ki, iyunun 27-də başlayan və üç gün davam edən yarışda 12 komanda tərkibində 24 polis əməkdaşı zehni-strateji bacarığını nümayiş etdirib. İsveç sistemi üzrə keçirilən 7 turdan ibarət yarışın nəticələrinə görə, Polis Akademiyasının kursantları Əli Əliyev və Hacıəli Əhədzadə komandalarını turnirin qalibi ediblər.

İkinci yerə Əlahiddə Çevik Polis Alayının komandası layiq görülüb. Alayın komandasını polis sıravisi Orxan Nəbiyev və polis serjantı Cavid Cavadov təmsil edib. Baş Mühafizə İdarəsinin əməkdaşları, polis mayoru Elnur Sultanov və polis serjantı Fuad Qurbanov isə komandalarını üçüncü yerə çıxarıblar.

Şöbə rəisinin sözlərinə görə, polislər arasında keçirilən şahmat turnirinə ilk dəfə xanım həmkarımız da qatılıb. DİN Arxiv İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Sevda Məmmədova şəxsi birincilikdə 4-cü yer tutub. Sonda qaliblərə kubok, medal və qiymətli hədiyyələr təqdim edilib.

Rəşad Mehtiyev

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər