Logotype

1933-cü ildən çıxır

Xəbərlər

05.06.2022

“Səssiz ölümə” qucaq açmayaq DİN Mətbuat Xidmətinin əməkdaşları da maarifləndirmə tədbirlərinə qoşulub

Siyəzən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Mədəniyyət Mərkəzində rayon sakinləri ilə görüş keçirilib. Tədbirdə DİN yanında İctimai Şuranın üzvləri, rayon icra hakimiyyətinin nümayəndələri, prokurorluq işçiləri, polis veteranları, qazilər və orta məktəb şagirdləri iştirak ediblər.

Tədbir Dövlət Himninin səslənməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.
RPŞ-nin rəisi, polis polkovniki Xəqani Məmmədov bu cür görüşlərin əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi, eyni zamanda operativ həlli üçün önəmli olduğunu bildirib. Narkomaniya və cinayətkarlığa qarşı mübarizə mövzusuna toxunan rəis qeyd edib ki, belə halların baş verməməsi və vaxtında aradan qaldırılması üçün polis-vətəndaş münasibətlərinin möhkəmlənməsi mühüm əhəmiyyətə malikdir.

Siyəzən Rayon İcra Hakimiyyətinin nümayəndəsi Günel Ağayeva da polisin sakinlərlə, məktəblilərlə görüş keçirməsini müsbət ənənənin davamı kimi qiymətləndirib. O, sabitliyin qorunub-saxlanılmasında vətəndaşların da iştirakının önəmli olduğunu bildirib.

Daha sonra cinayətkarlıqla mübarizədə, eləcə də həm Birinci, həm də İkinci Qarabağ müharibəsində daxili işlər orqanları əməkdaşlarının fədakarlıqlarından söz açan DİN Mətbuat Xidmətinin rəis müavini, polis polkovnik-leytenantı Hafiz Təmirov tədbir iştirakçılarının diqqətini narkomaniya ilə mübarizəyə çəkib. Qeyd edib ki, cari ilin 4 ayı ərzində daxili işlər orqanlarının əməkdaşları tərəfindən 1 ton 315 kiloqram narkotik vasitənin dövriyyədən çıxarılması sağlam cəmiyyət və sağlam gələcək uğrunda polisin qətiyyət göstərdiyini təsdiqləyir. “Bu səssiz ölümün ailələrimizin, cəmiyyətimizin içinə sızmaması üçün əl-ələ verib gənclərimizin sağlamlığını, həyatını qorumalıyıq. Bu işdə hamı polisin yanında olmalıdır”.

Tədbirdə dini radikalizm mövzusu da diqqət mərkəzində olub. Vurğulanıb ki, Azərbaycan Polisi bütün dinlərə, o cümlədən mənsub olduqları dinə, milli dəyərlərə böyük sayğı ilə yanaşır, hər kəsin dini etiqadına hörmət edir. Lakin dini hissləri istismar edib, cəmiyyətdəki nizamı pozmağa çalışanlara heç bir halda fürsət vermək olmaz.
Daha sonra rayon sakinləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Rəşad Mehtiyev,
polis baş serjantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər