Logotype

1933-cü ildən çıxır

Xəbərlər

22.05.2022

Qızıl səkkizlik

İdman arenalarındakı qələbələrilə həm ölkəmizi, həm də daxili işlər orqanlarını layiqincə təmsil edən kikboksçu Eduard Məmmədovun növbəti uğur sorağını almışıq. O, səkkizinci dəfə Dünya Kubokunun qalibi olub.

DİN İdman Cəmiyyətinin fiziki hazırlıq üzrə baş inspektoru, polis polkovnik-leytenantı Eduard Məmmədov İstanbul şəhərində keçirilən WAKO versiyası üzrə Dünya Kubokunda çıxış edib. Kikboksçumuz dünya kubokunda 63 kq çəki dərəcəsində “Master-klass”da üç döyüş keçirərək finalda Türkiyə idmançısı Sırma Ecvet üzərində qələbə qazanıb.

“WAKO versiyası üzrə yarışlarda həmişə güclü idmançılar mübarizə aparırlar. Bu yarışa mənimlə bərabər üç tələbəm getmişdi, onlar da çempion oldular, ümumilikdə 4 qızıl medalla qayıtdıq. Bunu özüm üçün növbəti uğur hesab edirəm”,–deyən idmançı həmkarımız qəzetimizə təəssüratlarını bölüşərkən vurğulayıb. Beynəlxalq idman cameəsində onu həm də Azərbaycan daxili işlər orqanlarının əməkdaşı kimi tanıdıqlarını, qələbələrinin Azərbaycan Polisinin fiziki hazırlıq səviyyəsinin dünyaya nümayiş etdirdiyini bildirən E.Məmmədov yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə minnətdarlıq edib.

Kikboksinqdən söz düşmüşkən xatırladaq ki, bu günlərdə Kikboksinq üzrə XXVI Azərbaycan çempionatının da qalibləri bəlli olub. Sərhədçi İdman Olimpiya Mərkəzində keçirilən yarışda kişilər və qadınlar arasında kikboksinqin “Low Kick” və “Full Contact” versiyaları üzrə 29 final baş tutub.

Səkkiz qızıl medal qazanan DİN İdman Cəmiyyəti komanda hesabında birinci yeri tutub. Bu münasibətlə komandanın baş məşqçisi, DİN Baş Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı Hikmət Hacıyevə kubok verilib. Eduard Məmmədovun üç yetirməsi də bu çempionatda qızıl medal qazanıb.

Qeyd edək ki, Azərbaycan çempionları 9-18 avqust tarixlərində Konya şəhərində keçiriləcək V İslam Həmrəylik Oyunlarında ölkəmizi təmsil etmək hüququ əldə edib.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər