Logotype

1933-cü ildən çıxır

Xəbərlər

11.04.2022

Onlar polisin gələcəyidir

Qəbul imtahanları zamanı yüksək keçid balı ilə DİN-in Polis Akademiyasına daxil olub zabit kimi yetişən kursantlar sadəcə özləri üçün yaxşı karyeranın əsasını qoymayıblar. Onlar həm də savadlı gənclərin polisi seçməsi və gələcəyimizin etibarlı əllərdə olması barədə cəmiyyətə aydın ictimai mesaj ünvanlayırlar. Başqa sözlə desək, bu gün auditoriyada cinayətkarlıqla mübarizənin nəzəri-praktiki əsaslarını öyrənən hazırlıqlı kursant vətəndaşa güvən, cinayətkara qorxu salacaq sabahkı qanuni gücü təmsil edir.

Akademiyanı əla qiymətlərlə oxuyanlar, bu mənada, xüsusilə seçilməklə onlara olan ümidləri doğruldacaqlarına indidən sarsılmaz inam yaradırlar deyə bilərik. Bu qənaətimiz əlaçıların bir neçəsi ilə söhbət edib, polisin ali təhsil ocağında aldıqları təhsil barədə fikirlərini soruşarkən bir qədər də qüvvətləndi.

Artıq 5-ci kursu bitirmək üzrə olan Elvin Ramazanov polis övladıdır və buraya uşaqlıqda atasının uniformasının onda yaratdığı həvəsin, marağın izi ilə gəlib. Deyir ki, polis işinin nə qədər çətin olduğunu da atasının timsalında görüb. Bu peşəni xalqa layiqincə xidmət etməyin bir yolu hesab etdiyinə görə haqqında xəyallar qurduğu formanı daşımaq şərəfinə nail olmaq, uşaqlıq arzularını gerçəkləşdirmək istəyib: “Beləliklə, qəbul imtahanında 682 bal toplamaqla Polis Akademiyasına qəbul oldum. Çox yüksək səviyyədə hüquq təhsili alırıq. Buranın maddi-texniki bazası bizə imkan verir ki, peşəkar zabit kimi formalaşaq”.

Akademiyanın məzunlarının başqa təhsil müəssisələrinin hüquq fakültəsini bitirən tələbələrdən yetişkin zabit kimi fərqləndikləri fikrini bu il təhsil ocağı ilə vidalaşacaq Vüsal Hüseynov da bölüşür. Qəbul imtahanında 685 bal toplamış müsahibimiz yaradılan şəraitin onlara əlaçı kursant olmağa kifayət etdiyini söyləyib, təklifini də səsləndirir. Onun fikrincə, nəzəriyyə ilə praktika yalnız son kursda deyil, daha əvvəldən başlamalıdır: “Ərazi polis orqanları ilə mütəmadi qarşılıqlı əlaqə təcrübi baxımdan tədrisə daha böyük töhfə verər”, - deyir.

Süleyman Süleymanov hər bir kursantdan savad, iradə, nizam-intizam və qətiyyət kimi keyfiyyətlər tələb olunduğunu, ancaq Akademiyanı arzularının gerçəkləşməsi üçün seçənlərin bu çətinliklərin öhdəsindən asanlıqla gəldiklərini deyir. O, xatırladır ki, Vətən müharibəsi günlərində komendant saatı və ya sərt karantin rejiminin tətbiq olunduğu dövrlərdə postlara çıxıblar, tərtib olunmuş plan əsasında müxtəlif rayonlarda xidmətə cəlb ediliblər: “Yəni kursant olsaq da, gecəli-gündüzlü xidmətdə keçən polis ömrünün çətinliyinə artıq bələdik”.

Onu da qeyd edək ki, qəbul zamanı 611 bal toplamış S.Süleymanov cənab nazirin əmri ilə “İdmançı kursant”, “Əlaçı kursant” döş nişanları ilə təltif olunub, Akademiya rəisinin əmrilə ona “kiçik serjant” xüsusi rütbəsi verilib. Beynəlxalq və ölkə daxilində keçirilən yarışlarda fərqləndiyinə görə dəfələrlə mükafatlandırılıb.
Yüksək bal toplamasına baxmayaraq başqa ali təhsil müəssisələrini deyil, məhz Polis Akademiyasını seçən 4-cü kurs kursantı Nəsibli Muhammədin xüsusi təyinatlı ali təhsil ocağına yolunu polis peşəsinə rəğbəti, sevgisi salıb. Hazırkı hədəfinin təhsilini fərqlənmə diplomi ilə bitirmək olsa da gələcək xidməti fəaliyyətində özünü təhqiqatçı kimi sınamaq istəyir: “Ancaq təbii ki, harada əmr edilsə, orada xidmət edəcəm”,-deyir əsl polis kimi.

Üçüncü kursda təhsil alan Əli Məhərrəmli qəbul zamanı rusdilli abuturiyentlər içində ən yüksək bal toplayanlardan biri olub – 617 bal. Onun atası 30 ildən artıq daxili işlər orqanlarında xidmət edib. Özü də ata məsləyini davam etdirmək, həm də perspektivli, işlə dərhal təminat üstünlüklərinə görə Akademiyanı seçib. Deyir, sağlam rəqabət var kursantlar arasında. Hətta kurslar arasında sıra hazırlığı, şahmat üzrə və yaxud başqa yarışlar keçirilərkən yaşanan rəqabət də qarşılıqlı əlaqələri, münasibətləri möhkəmləndirir. Üçüncü kursdan əsasən ixtisas fənlərinə başlanılıb deyə dərslərə fokuslandıqlarını söyləyir.

Alparslan Məmmədli 2019-cu ildə 677 bal toplamaqla Prezident təqaüdçüsü olub. Polis zabiti olmağın sirlərini burada mənimsəməklə həmişə qürür və fəxr hissi keçirdiyini deyir. Onun sözlərinə görə, Akademiyada fəaliyyəti təkmilləşdirilən elektron kitabxana, elmi və məlumat məqsədli internet resurslarından istifadə, eləcə də xarici dil öyrədilməsi məqsədilə
Heydər Əliyev Mərkəzində yaradılmış xüsusi imkanlar onların peşəkar kadr kimi hazırlanmasını təmin edir: “Orta məktəbdə oxuyarkən polis əməkdaşları profilaktik məqsədlərlə məktəbimizdə tədbirlər keçirirdilər. O zaman bu peşəyə içimdə xüsusu maraq, sevgi yarandı. Sonra isə bu məqsədə çevrildi və bu gün mən artıq burada təhsil alıram, arzuma çatmaq üçün bütün bu imkanlardan yararlanıram”.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər