Logotype

1933-cü ildən çıxır

Xəbərlər

15.03.2022

Qazilərə ictimai dəstək

Vətən müharibəsi qazilərinin sosial vəziyyətinin diqqətdə saxlanılması bizim onlara vəfa borcumuzdur. Müharibə iştirakçılarının işlə təmin olunması, sosial-psixoloji reabilitasiyaları üçün silsilə tədbirlər görülür ki, Daxili İşlər Nazirliyi bu məsələdə xüsusilə seçilir. Daxili işlər orqanlarında xidmətə qəbul müsabiqələrinə qatılıb seçilən namizədlərin sırasında müharibə iştirakçıları, şəhid yaxınları da mütləq yer alır. Yəni onlara haqq etdikləri daimi diqqət və qayğı göstərilir.
Vətənə borclarını qanları, canları ilə ödəmiş, ölümün gözünə dik baxmış müharibə qazilərinə xalq, ictimaiyyət olaraq sahib çıxmaq, ilk cümlədə qeyd etdiyimiz kimi, vəfa borcunun bir gərəyidir. “Etika Akademiyası” Fərdi İnkişaf Mərkəzi Vətən müharibəsi qazilərinə karyera imkanları yaratmaqla belə bir ictimai vəzifəni üzərinə götürüb, onlar üçün rəqabətə davamlı peşə yönümlü layihələr gerçəkləşdirir.
Akademiyanın rəhbəri Günel İbrahim fəaliyyətləri barədə “Polis”ə danışarkən bildirib ki, İkinci Təhsil layihəsində 10 nəfər qazi müasir bilik və bacarıqlar toplusu, əmək bazarında ehtiyac olan peşələrə yiyələnir. Onlardan 4-ü DİN Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsinin hərbi qulluqçuları olub. Xüsusi təyinatlı dəstədə qərargah rəisi, kapitan Vüsal Həsənov və gizir Şiraz Həsənov insan resurslarının idarə edilməsi, baş çavuşlar Teyyub Eyvazov və Orxan Qurbanov İT mühəndisiliyi üzrə proqrama cəlb olunublar.
İkinci peşə təhsili alan qazilər proqramı uğurla başa çatdırdıqdan sonra imtahan verməklə beynəlxalq sertifikasiyalı diplom əldə edəcəklər. Onlar kompüter və ustad dərsləri alıb, İT mühəndisi üzrə ixtisas sahibi olacaqlar. Eləcə də ikinci peşə təhsilindən əlavə qazilərimizə “Etika Akademiyasında” işgüzar etiket, natiqlik, rəsmi yazışma, korporativ etiket üzrə təlim verilir.
Qazilərin peşə təhsili alması ilə yanaşı onların məşğulluğunun təmin olunması da həll edilib və sevindirici haldır ki, bu məsələdə dövlət qurumları ilə bərabər, həmçinin ictimai sektor aktivlik göstərir. Artıq bir neçə iri ticarət mərkəzi, məhdud məsuliyyətli cəmiyyət onları işlə təmin edəcəklərini bildiriblər.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər