Logotype

1933-cü ildən çıxır

Xəbərlər

20.02.2022

Atıcılar güclərini sınayıblar Güllə atıcılığı üzrə Bakı çempionatının qalibləri məlum olub

Bugünlərdə Bakı Atıcılıq Mərkəzində güllə atıcılığı üzrə paytaxt çempionatı keçirilib. Dörd gün davam edən turnirdə 10 metr məsafəyə atəşaçma (PTÇ-3 və PT- 4) yarışında idmançılar bacarıqlarını sınayıblar.

Yarışdan öncə Dövlət Himnimiz səsləndirilib və tədbir iştirakçıları çıxışlar ediblər.
Atıcılıq Federasiyasının vitse-prezidenti, DİN İdman Cəmiyyətinin rəisi, polis polkovniki Zemfira Meftahətdinova iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb. Qeyd edib ki, Federasiyanın yeni prezidenti, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov idmançılar üçün bütün lazımi şəraitin yaradılmasını diqqət mərkəzində saxlayır. Yaradılan şəraitin onların üzərinə beynəlxalq yarışlara yaxşı hazırlaşmaq, yüksək nəticə göstərmək və uğur qazanmaq vəzifəsi qoyduğunu deyən Z.Meftahətdinova turnirdə fərqlənənlərin Avropa çempionatına vəsiqə qazanacaqlarını bildirib.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov da gənclərin asudə vaxtlarını səmərəli keçirməsi, onların fiziki və mənəvi sağlamlığının təmin edilməsi məqsədilə hərtərəfli şərait yaradılmasından bəhs edib. Vurğulayıb ki, ölkəmizin güclü idman potensialına və maddi-texniki bazaya malik olması, təmsilçilərimizin dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında misilsiz qələbələri Azərbaycanı idman yarışlarının mərkəzinə çevirib. İdmançılarımız bir sıra mötəbər yarışlarda nailiyyətlər qazanıblar ki, onların əksəriyyəti paytaxt təmsilçiləridir. O, belə yarışların yeni Olimpiya çempionları yetişdirəcəyinə əminliyini ifadə edib.

Azərbaycan gəncliyinin Vətən müharibəsində ərazi bütövlüyümüzü təmin etməklə öz hədəfinə çatdığını deyən DİN Mətbuat Xidmətinin rəis müavini, polis polkovnik-leytenantı Hafiz Təmirov yarışdakı gənc atıcıların da hədəfi vuracaqlarına inandığını söyləyib. Eyni zamanda, təkliflə çıxış edərək bildirib ki, orta təhsil müəssisələrinin yaxınlığında atıcılıq tirlərinin yenidən fəaliyyət göstərməsi, Vətən müharibəsi qazilərinin orada işlə təmin olunması həm vətənpərvərlik tərbiyəsinə, həm də gənc snayperlərin hazırlanmasına töhfə verə bilər.
Tədbir iştirakçılarının rəmzi atışlarından sonra yarışa start verilib.
Turnirin yekunlarına görə qadınlar arasında Nigar Nəsirova, kişilər arasında isə Vladislav Kalmıkov pnevmatik tapançadan atəş açmaqla ən yüksək xal toplayıb birinci yerə layiq görülüblər. Pnevmatik tüfəngdən isə İlahə İsmayılzadə və Ramiz Xəlilov daha sərrast olaraq birinci yerə yüksəliblər.

Rəşad Mehtiyev,
polis baş serjantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər