Logotype

1933-cü ildən çıxır

Xəbərlər

17.02.2022

Onlar polis olmaq istəyirlər...

Kütləvi informasiya vasitələrində, o cümlədən Daxili İşlər Nazirliyinin rəsmi saytında və sosial şəbəkələrindəki səhifələrində əvvəlcədən verilmiş elana uyğun olaraq Polis Akademiyasına 2022/2023-cü tədris ili üçün “hüquqşünaslıq” ixtisası üzrə əyani təhsilə kursantların qəbulu ilə bağlı müsabiqə başlayıb. Paytaxtda və yerlərdə bu istiqamətdə həyata keçirilən fəaliyyətə dair suallarımıza cavab tapmaq üçün bir neçə ərazi polis orqanı ilə əlaqə saxladıq, prosesin gedişatını izləmək məqsədilə isə Abşeron Rayon Polis İdarəsində olduq. “Polis”i maraqlandıran suallara cavab olaraq İdarə rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis mayoru Yaşar Məmmədov bildirdi ki, təhsilə namizədlərin seçimi və xüsusi yoxlanılması DİN-in müvafiq əmrinin tələbləri əsasında, tam, hərtərəfli, eyni zamanda şəffaflıq və aşkarlıq şəraitində keçirilir.

Qeyd olundu ki, ayrı-ayrılıqda hər bir gəncin nitqi, zahiri görkəmi, fiziki hazırlığı, boy həddi yoxlanılır, ən əsası, ümumi bilik səviyyəsinə diqqət yetirilir. Uyğun gələn iddiaçıların ərizə, anket və tərcümeyi-halları alınır, sənədləri yerli yoxlamalar üçün aidiyyəti üzrə göndərilir. Qəbul şərtlərinə cavab verən gənclərin sənədləri Baş Kadrlar İdarəsində toplanılır və onlar Xüsusi Həkim Komissiyası tərəfindən tibbi müayinədən keçirilirlər. Müsbət rəy alanların namizədliyi qəbul olunur. Polis mayoru Y.Məmmədov onu da əlavə etdi ki, hər bir müraciətə həssaslıqla baxılır, “Daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”nin tələblərinə uyğun gəlməyənlərə isə sənədlərini digər ali məktəblərə vermələri tövsiyə edilir.
Yoxlanış prosesində həmsöhbətimiz olan gənclər sıralarımıza qoşulmaq arzusunda olduqlarını, polisin adını daima uca tutmaq üçün səylə çalışacaqlarını, həmçinin qəbul zamanı onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini ifadə etdilər.

Teymur Əlizadə,
polis mayoru

Geriyə Çap et


Faydalı keçidlər
Linklər