Logotype

1933-cü ildən çıxır

Xəbərlər

08.02.2022

ONUN UĞUR HEKAYƏSİ

“Bu gün ölkəmizin beynəlxalq arenada siyasi, iqtisadi, hərbi gücünün artmasında neft amilinin böyük rolu var. Bu üzdən enerji təhlükəsizliyinin təmini, strateji obyektlərin etibarlı mühafizəsi, habelə mühafizənin düzgün və effektiv təşkili olduqca vacib məsələdir.”
Müsahibimiz, DİN Baş Mühafizə İdarəsinin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun Mühafizəsi üzrə Polis İdarəsinin rəisi, polis polkovniki Xaqani Cəfərov mühüm obyektlər kateqoriyasına daxil olan zavodun və neft məhsulları nəql olunan kəmərlərin etibarlı mühafizəsinin həyata keçirildiyini bildirdi. Qeyd etdi ki, obyektlərin günün tələblərinə uyğun qorunması məqsədilə yeni avtomobillər, texniki avadanlıqlar alınaraq şəxsi heyətin istifadəsinə verilib. Eyni zamanda, ərazidəki postlar yenilənib, həmçinin ən müasir rabitə vasitələri ilə təchiz olunub. İdarə rəisi təhlükəsizliyin təmini istiqamətində bütün zəruri tədbirlərin icra edildiyini, cari il ərzində ictimai qaydanı pozan 29 nəfərin saxlanılaraq aidiyyəti üzrə ərazi polis orqanına təhvil verildiyini vurğuladı.
Həmsöhbətim DİN rəhbərliyi tərəfindən idman, təhsil sahəsində nailiyyətləri ilə seçilən, intellektli, perspektivli gənclərə hər zaman etimad göstərildiyini, vəzifədə irəli çəkildiyini də diqqətə çatdırdı.

Qeyd etdi ki, boks üzrə dünya çempionu, Dünya kubokunun sahibi, IV İslam Həmrəyliyi Oyunlarının qalibi, Avropa mükafatçısı, 2016 və 2020-ci il Yay Olimpiya Oyunlarının iştirakçısı Cavid Çələbiyevə DİN rəhbərliyi tərəfindən polis “leytenantı” xüsusi rütbəsi verilməsi və bir müddət öncə taqım komandiri təyin olunması bunun bariz nümunəsidir.
Zabit rütbəsinin sevincini “Polis”lə bölüşən C.Çələbiyev göstərilən etimadı doğrultmaq üçün üzərində daima işlədiyini, ayıq-sayıq xidmət apararaq tabeçiliyindəki əməkdaşlara nümunə olmağa çalışdığını dedi. Mühafizənin təşkilində fiziki hazırlığın önəmindən danışan həmkarımız asudə vaxtlarında əməkdaşların da onunla birgə böyük həvəslə məşq etdiklərini və bunun gələn il keçiriləcəyi nəzərdə tutulan mötəbər beynəlxalq idman yarışlarında ona qalib olmaq üçün stimul verdiyini bildirdi.

Teymur Əlizadə,
polis mayoru

Geriyə Çap et


Faydalı keçidlər
Linklər