03.02.2022
Müəllimdən polisə təşəkkür
“Bu yaxınlarda avtomobil qəzasına düşdüm. Baş vermiş hadisəylə bağlı Binəqədi RPİ Dövlət Yol Polisi Şöbəsinə dəvət edildim. Orada vətəndaşlara xoş münasibətin, eləcə də polis əməkdaşlarının yüksək intelektinin və mədəniyyətinin şahidi oldum. Göstərilən diqqət və qayğıya görə də Azərbaycan Polisinə, Binəqədi RPİ DYPŞ-nin rəisi, polis polkovnik-leytenantı Cəmşid Hənifəyevə və şəxsi heyətinə minnətdarlığımı bildirirəm”.
Bu fikirlər Bakı Mühəndislik Universitetinin “Mühəndislik” fakültəsinin dekan müavini, dosent Osman Mirzəyevin redaksiyamıza ünvanladığı təşəkkür məktubundandır.
Vətəndaş məmnunluğunu xidmətin qayəsi hesab edən polisin cəmiyyətdəki nüfuzu həm də ona görə yüksəkdir ki, o özü də vətəndaş olaraq hər bir işdə üzərinə düşəni vicdanla yerinə yetirir. İctimai nəzarətin gücləndirilməsinə gəlincə, biz bunda maraqlıyıq, çünki qazandığımız uğurun təməlində inam və etibar durur.
Sözügedən məktubla əlaqədar DYPŞ-nin yol-nəqliyyat hadisəsi üzrə inspektoru, polis baş leytenantı Maşalla Paşayev “Polis”ə bildirdi ki, rayonun Rəsulzadə qəsəbəsinin yaxınlığında baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan olmasa da tərəflərin bir-birinə səsləndirdiyi ittihamlarla bağlı araşdırma başlanılıb. Əvvəlcə hadisə yerinə baxış keçirilib, sxemi tərtib edilib, sonra ərazidə olan Təhlükəsiz Şəhər kameraları incələnib. Müəyyən olunub ki, manevr qaydalarını pozaraq yol-nəqliyyat hadisəsini törədən avtobus sürücüsüdür.
Tərəflər razılığa gəlib və paytaxt sakini O.Mirzəyevə 800 manat miqdarında dəymiş maddi ziyanın ödətdirilməsi təmin edilib.
Ə.Teymur