Logotype

1933-cü ildən çıxır

Xəbərlər

01.02.2022

Qəhrəmanlar sıralarımızdadır

Paytaxtda və bölgələrdə polisin mühafizəsinə verilən şəxsi evlərin, eləcə də obyektlərin sayının artması vətəndaşların DİN Baş Mühafizə İdarəsinin fəaliyyətindən razılığının ifadəsi, eyni zamanda qazanılan inam və etibarın bariz nümunəsidir.
“Onlayn ünsiyyət əsrinə qədəm qoysaq da polisin fəaliyyətini reklam çarxlarında nümayiş olunanlarla eyniləşdirmək olmaz. Sıradan kimsə həyatına son verə biləcək bəlanın üstünə şüurlu şəkildə getməz. “Can güvənliyimi kim qoruyacaq” fikri polisimizə yaddır. Məhz bu səbəbdəndir ki, polis bizə təhlükədən daha yaxındır”...

Bu fikirləri bir neçə il öncə mühafizə polisinin fəaliyyəti ilə bağlı redaksiyamıza ünvanlanmış məktubların birindən oxumuşdum. Əslində, etirafın və etimadın təntənəsi də demək olar buna.
Odur ki, qarşıya çıxan çətinliklərdən qorxmamaqla, müxtəlif vasitələrlə ictimai qaydanı və ictimai asayişi pozanlara, cinayət törədənlərə, cinayətə meyilli şəxslərə qarşı mübarizə metodlarını dövrün tələblərinə uyğun olaraq daha da gücləndirməklə, müasir texniki vasitələrdən istifadə bacarığını artırmaqla mühafizə polisi yaddaşlarda özünə yer eləmiş “naçnoy milis” ifadəsini tarixə gömməyi bacarıb.
Bu mənada Nizami Rayon Mühafizə İdarəsi tərəfindən ötən il ərzində görülmüş işlərin qənaətbəxş olduğu göstəricilərdə əksini tapır. Belə ki, idarə tərəfindən hesabat dövründə 471 obyekt, o cümlədən 388 mənzil mühafizəyə cəlb olunub. Əməkdaşların sayıqlığı nəticəsində 7 obyektdə oğurluğun qarşısı alınarkən 4, axtarışda olan 1, intihara cəhd edən 5, ictimai qaydanı pozan 31, 7 digər cinayətlə əlaqədar - onlardan telefon oğurluğuna görə 1, bankda saxta pul əskinası dəyişərkən 1, tanışının kartından qanunsuz olaraq pul çıxardarkən 1 nəfər saxlanılaraq Rayon Polis İdarəsinə təhvil verilib.

Mühafizə olunan obyektlərin canlı qüvvə və texniki vasitələrlə qorunduğunu deyən Nizami RMİ-nin rəisi, polis polkovniki Elşən Camalov bugünlərdə Nizami rayon “Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu”nda baş verən yanğın zamanı xəstələrin və tibb personalının xilas edilməsi istiqamətində idarə əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin əsl xilaskarlıq nümunəsi olduğunu diqqətimizə çatdırdı.

Hadisə barədə danışan bölük komandiri, polis baş leytenantı Səftər Mirzəlizadə hələ pandemiyadan öncə bağlanmış müqaviləyə əsasən xəstəxananın mühafizəyə götürüldüyünü, iki növbəli xidmətin təşkil olunduğunu bildirdi: “Həmin gün təxminən saat 14:17 radələrində orada xidmət aparan polis nəfərləri tərəfindən xəstəxananın inzibati binasının daxilində yerləşən elektrik şitində yanğın baş verməsi barədə əməliyyat məlumatı daxil oldu. Aidiyyəti üzrə məruzə olunduqdan sonra üç zabit, 6 polis nəfəri olmaqla 9 əməkdaş dərhal hadisə yerinə cəlb olundu. Biz ora çatanda bina artıq qara tüstüyə bürünmüşdü. İlk olaraq xəstəxanaya gələn elektrik enerjisinin mərkəzdən kəsilməsini təmin etdik. Tibbi personal, xəstələr, bir sözlə, hamı təşviş və həyəcan içindəydi. Giriş-çıxış qapılarını nəzarətə götürdükdən sonra vaxt itirmədən ağır xəstələrin təxliyyəsinə başladıq. Və beləcə kimsə zərər görmədən işimizi yekunlaşdırdıq. Yanğının söndürülməsi üçün əməkdaşlarımız Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumuna da vaxtında məlumat vermişdilər”...

Teymur Əlizadə,
polis mayoru

Geriyə Çap et


Faydalı keçidlər
Linklər