Logotype

1933-cü ildən çıxır

Xəbərlər

30.01.2022

Dünən səngərdə, bu gün isə asayişin keşiyindədirlər

“Vətən müharibəsinin iştirakçılarının, qazilərin və şəhidlik zirvəsinə ucalanların yaxınlarının dövlət qurumlarında və digər özəl sektorlarda işlə təmin olunması onlara göstərilən diqqət və qayğının təzahürüdür. Bu istiqamətdə DİN rəhbərliyinin də atdığı addımlar, Vətən müharibəsində iştirak edənlərin daxili işlər orqanlarına qəbulu ictimaiyyət tərəfindən müsbət qarşılanır. Ötən dövr ərzində bu kateqoriyadan olan 573 nəfər DİO-ya qəbul olunub.
İnanırıq ki, bu proses gənclər arasında vətənpərvərlik tərbiyəsinin təbliğində, hərbi xidmətə marağın artmasında, bir sözlə, dövlətçiliyimizin dayaqlarının möhkəmlənməsində mühüm rol oynayacaq”.

Bu fikirlər Səbail Rayon Polis İdarəsində xidmətə qəbul olunan Vətən müharibəsi iştirakçıları ilə görüşdə səsləndirilib.
İdarə rəisi, polis polkovniki Hikmət Qasımov Vətən müharibəsində qazandığımız qələbənin dünya hərb tarixinə öz möhürünü vurduğunu, xalqımızın torpaqlarımızı azad etmək uğrundakı mübarizə əzmini, tutduğu vəzifədən, milli kimliyindən asılı olmayaraq hər kəsin dəmir yumruğa döndüyünü XXI əsrin möcüzəsi adlandırıb.

Qeyd olunub ki, Vətən müharibəsindən sonra dünya Azərbaycanın gücü ilə hesablaşır, onun Qafqazda sülhün, əmin-amanlığın təminatçısı olduğu qəbul edilir.
Sıralarımıza yeni qoşulan Vətən müharibəsi iştirakçıları torpaqlarımızın azad edilməsi uğrundakı əks-hücum əməliyyatlarında iştiraklarından, 44 günlük haqq savaşımızda ordumuzun peşəkarlığından, vətənpərvər oğullarımızın igidliyindən söhbət açıblar.
Müharibənin odundan-alovundan keçən gənc əməkdaşlara xidmətlərində uğurlar arzulayan idarə rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovniki Mərdan Məmmədov onların cinayətkarlığa qarşı qətiyyətli mübarizədə, asayişin etibarlı qorunmasında inamı və etimadı doğruldacaqlarına əminliyini ifadə edib.

Məlumat üçün bildirək ki, Səbail RPİ PPXB-nin polis serjantı Mehrac Cəfərli “Suqovuşanın azad olunmasına görə” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib. İlk ali təhsilini Türkiyədə alıb. Xidmətə qəbul olunduqdan sonra daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun tapşırığına əsasən, Türkiyə Polis Akademiyasında magistr üzrə təhsil alır.
PPXB-nin polis kiçik serjantı Anar Xuduzadə “Cəsur döyüşçü” və “Cəbrayılın azad olunmasına görə”, PPXB-nin polis kiçik serjantı Sübhan Ağayev “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə”, PPXB-nin polis sıravisi Məhərrəm Məcidli “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə”, PPXB-nin polis kiçik serjantı Nurlan Qədirov “Cəsur döyüşçü”, PPXB-nin polis sıravisi Altun Nağıyev “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə”, PPXB-nin polis sıravisi Elvin Həsənli “Ağdamın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunublar.
PPXB-nin polis nəfərləri Hacımurad Heydərov, Elvin Qasımov və Rəşid Əliyev Xocavənd, Hadrut, Cəbrayıl və Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak ediblər. PPXB-nin polis sıravisi Solmaz Zeynallı isə Vətən müharibəsinin şəhidi, “İgidliyə görə”, “Vətən uğrunda” və “Füzulinin işğaldan azad olunmasına görə” medalları ilə təltif edilmiş Tural Zeynalovun bacısıdır.

Ruslan Vəliyev,
polis baş leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər