Logotype

1933-cü ildən çıxır

Xəbərlər

24.01.2022

İnam və güvənc yeri

Əmin-amanlığı bərpa etmək, təhlükəsizliyin təmini ilə yanaşı, vətəndaşların hüquqlarını qorumaq da peşəmizin təməl prinsiplərindəndir. Elə buna görədir ki, həm də ölkəmizdə müxtəlif sahələrdə çalışan, habelə turist kimi gələn xarici dövlətlərin vətəndaşlarının da güvənc və ümid yeriyik.
Ünvanımıza gələn məktublarda yazılanlar xidmətimizə verilən qiymətin, sevginin və sayğının bariz nümunəsidir.

“Gənc ailə olaraq üç ilə yaxındır ki, Azərbaycanda yaşayırıq. Bu günə qədər istər iş yoldaşlarımızdan, istərsə tanış olduğumuz digər insanlardan yalnız diqqət və qayğı gördük. Təəssüflər olsun ki, çoxdan tanıyıb inandığımız biri tərəfindən aldadıldıq. Bu məsələylə əlaqədar Suraxanı Rayon Polis İdarəsinə gedib kömək istədik. Qısa müddət ərzində problemimiz aradan qaldırıldı və bizə dəyən maddi ziyan ödətdirildi. Qanunlarla maddi və mənəvi olaraq qoruma altında olduğumuzu görmək, iki dövlət, bir millət olaraq çətin günlərdə biri-birimizə sahib çıxmağın şahidi olmaq burada yaşayan və daha çox yaşamaq istəyən bizim kimi insanlara ümid verir. Bizi səmimiyyətlə qarşılayıb, təmkinlə dinləyən, problemin qısa müddətdə aradan qaldırılmasında və dəymiş ziyanın ödətdirilməsində əməyi keçən polis əməkdaşlarına dərin minnətdarlığımızı bildiririk”.
Bu sətirlər Türkiyə vətəndaşları Berrin Nur Çelik və Sinan Çelikin DİN rəhbərliyinə ünvanladığı məktubundandır.

İnstaqram izləyicisi Seymur Səfərov məktubunda yazır: “İnstaqram səhifəsi vasitəsilə mebel sifarişi etdim və 600 manat ödədim. Sonradan aldadıldığımı bildim və məsələylə bağlı Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə müraciət etdim. Polis əməkdaşları müraciətimə çevik reaksiya verərək tez bir zamanda sifarişi qəbul edən şəxsi tapıb mənə dəymiş ziyanın ödətdirilməsini təmin etdilər. Göstərilən köməkliyə görə DİN rəhbərliyinə və 21-ci Polis Bölməsinin şəxsi heyətinə təşəkkür edirəm”.

Digər məktub isə Astara rayon sakinləri Əlisahib Abbasov, Fidan Abbaszadə və Müşfiq Vəliyev tərəfindən gəlib. “İctimai asayişi pozan, dinc insanların şərəf və ləyaqətini təhqir edərək alçaldan iki qardaş barəsində “102” Zəng Mərkəzinə və Rayon Polis Şöbəsinə müraciət etdik. Bu məsələ operativ araşdırıldı, xuliqanlıq edənlər saxlanıldı və layiqli cəzalarını aldılar. Buna görə də Astara RPŞ-nin şəxsi heyətinə təşəkkürümüzü bildiririk”.

Ruhiyyə Əliyeva,
polis baş leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər