Logotype

1933-cü ildən çıxır

Xəbərlər

09.01.2022

Yaddan çıxmırlar, unudulmurlar...

Bugünlərdə Səbail Rayon Polis İdarəsinin rəhbərliyi illər öncə xidməti vəzifələrini yerinə yetirərkən cinayətkar qəsdlərin qurbanı olan polis kapitanı Vahid Əliyevin və polis serjantı Amil İbrahimlinin ailələrinə baş çəkiblər.
Andlarına sadiq qalan, daxili işlər orqanlarının tarixinə adları əbədi həkk olan, hər zaman xatırlanan həmkarlarımızın ömür yolundan, igidlik və şücaətindən danışan RPİ rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovniki Mərdan Məmmədov onların bu gün sıramızda asayişi qoruyan gənclərə örnək bir ömür yaşadıqlarını qeyd edib.
Vətənə, dövlətə və dövlətçiliyə ləyaqətlə xidmət edib canlarından keçənlərin ailələrinə ölkə və DİN rəhbərliyi tərəfindən hər zaman diqqət və qayğı ilə yanaşıldığını diqqətə çatdıran polis kapitanı Vahid Əliyevin ömür-gün yoldaşı Tamara Əliyeva, oğlu Zaur Əliyev həmkarlarımıza təşəkkürlərini bildiriblər.

Polis serjantı Amil İbrahimlinin övladı, “Zəkalar” liseyinin 10-cu sinif şagirdi Cəlil İbrahimliyə isə həmkarlarımız noutbuk və printer hədiyyə ediblər. Asayiş keşikçiləri gələcəkdə atasının yolunu davam etdirmək niyyətində olan Cəlilə yaxşı oxumasını, kompüter və informasiya texnologilarını istiqamətində təhsilini daha da təkmilləşdirilməsini tövsiyə ediblər.
Görüşlərdə iştirak edən Kadrlar qrupunun kadr və peşə hazırlığı üzrə baş inspektoru, polis mayoru Anar Qasımov və polis serjantı Ramin Abışov həmkarlarımızın Vətən və xalq qarşısında xidmətlərinin unudulmadığını, ölümlərindən sonra onların Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “İgidliyə görə” medalları ilə təltif edildiklərini diqqətə çatdırıblar.
Yeri gəlmişkən, RPİ rəhbərliyinin göstərişi ilə inzibati binada hər iki həmkarımızın fotoşəkillərindən ibarət xatirə lövhəsi hazırlanıb.

Redaksiyadan: Polis kapitanı Vahid Əliyev 1950-ci ildə Ağdam rayonunun Əfətli kəndində doğulub. 1971-ci ildə DİO-da xidmətə başlayıb. Xidməti vəzifə borcunu yerinə yetirərkən 1996-cı ilin 11 oktyabr tarixində cinayətkar qəsdin qurbanı olan həmkarımız torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə də iştirak edib.
Polis serjantı Amil İbrahimli isə 1983-cü ildə Ağdam rayonunun Mərzili kəndində doğulub. DİO-da xidmətə 2003-cü ildən başlayıb. Xidməti vəzifəsini yerinə yetirərkən 2007-ci ilin mayında həlak olub.

Ruslan Vəliyev,
polis baş leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər