Logotype

1933-cü ildən çıxır

Xəbərlər

26.12.2021

Biz həmrəyik...Azərbaycanımız üçün!

Müstəqilliyimizin yaşı hələ heç bir qərinə də olmayıb. Amma əsrə bərabər yol keçmişik bu ötən illər ərzində. Dünyanın xəritəsində kiçik, gözündə isə çox böyüyük. Daha doğrusu, bizi parçalamamışdan, bölməmişdən öncə sərhədlərimiz günəşin batdığı yerdə idi.
Ağrılarımızı uğurlarımıza çevirmək üçün nələr yaşamadıq ki? Arasında qaldığımız “od”ların sayı “iki”dən çox idi…

Kökümüzü, milli kimliyimizi unutdurmaq üçün repressiyalarla, əzmimizi qırmaq üçün isə deportasiyalarla üzbəüz qoydular bizi. Elə etdilər ki, böyük Vətənin bu başından o başına səsimiz çatmadı. Tikanlı məftilləri bütövləşmək arzumuza əli silahlı gözətçi qoydular. Bəzən də içimizdəkilərin xəyanəti, hətta qardaşın-qardaşa güllə atması, bir-birinə qənim kəsilməsi ruhumuzu qılıncladı. Yenə də dırnağı ətdən, canı-candan ayıra bilmədilər.
Toparlandı bu millət.

İtirdiklərimizə sahib çıxmaq naminə "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!" şüarı ilə sonu qələbələrələ, uğurlarla dolu olan uzun, incə bir yoldayıq…
Əslində, ötən ilin noyabrında qarşıladıq biz yeni ili. Adı bəlli düşmənə də, onun sığındıqlarına da yerdə, göydə heç vaxt unuda bilmədikləri, ağrısını yüz illər sonra da hiss edəcəkləri acı yaşatdıq.
İllər sonra varlığımızı yenidən sübut etdik. Sübut etdik ki, həmrəylik meydanlarda birləşib tank üstünə getmək və azadlığına qovuşmaqdı. Həmrəylik “Heydər baba, xalqı bu bəladan qurtar”,-deyib Naxçıvandan Bakıya könül körpüsü salıb Liderinə qucaq açmaqdır. Həmrəylik bir gecənin içində yüz minlərin toplanması və Horadizin azad edilməsidir. Həmrəylik Lələtəpədən səmalara ucalıb düşmənə göz dağı verən, mən tezliklə Xankəndində dalğalanacağam deyən üçrəngli bayraqdır. Həmrəylik Cünnütün azadlığıdır. Həmrəylik "Mən hər bir azərbaycanlının Prezidentiyəm!",-deyən Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz İlham Əliyevin dəmir yumruğuna çevrilib Qarabağı azadlığına qovuşdurmaqdır. Həmrəyliyimizin gücü və sevinci olan Yeni ili – 2022-ci ili Şuşada, Laçında. Kəlbəcərdə, Ağdamda, Füzulidə, Zəngilanda, Qubadlıda, Xudafərində, Hadrutda və Xocavənddə qarşılamaqdır. Gözün aydın Vətən, yeni gününüz, yeni iliniz-Azadlığınız mübarək doğma yurdlar!
Hafiz Təmirov,
polis polkovnik-leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər