Logotype

1933-cü ildən çıxır

Xəbərlər

11.11.2021

Uşaqların Zəfər coşqusu

Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin 2 və 3 saylı uşaq bağçalarında “8 Noyabr-Zəfər Günü”nə, o cümlədən “Bayraq Günü”nə həsr olunmuş bayram tədbirləri keçirilib. Tədbirlərdə DİN əməkdaşları da iştirak ediblər.

DİN 2 saylı bağçanın müdiri Sevinc Məmmədəliyeva uşaqdan-böyüyə hər kəsə sevinc və qürur hissi yaşadan, tariximizə qızıl hərflərlə yazılan “Zəfər Günü” mübasibətilə iştirakçıları təbrik edərək, onları salamlayıb.
“Ey Vətən” mahnısının sədaları altında zala daxil olan körpələr Dövlət Himnini ifa etdikdən sonra Zəfər coşqulu şeirlər söyləyiblər. Səhnəciklərdəki aktyorluq qabiliyyətləri ilə hər kəsi heyran edən Emilyanın, Yunisin, Kamillanın və Əlikramın dialoqları tədbiri daha yaddaqalan edib.
Sonra “Xarı bülbül” musiqisinin sədası altında rəqs edən fidanlarımız Azərbaycan Bayrağını səhnədə dalğalandırıblar.

3 saylı uşaq bağçasında da Zəfər bayramı balacaların Dövlət Himnini ifa etməsilə başlayıb.
Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra bağçanın müəllimələri - Hicran Yusifova və Gülşən Panayeva Şuşanın azad edilməsi ilə tariximizə Zəfər günü kimi düşən böyük qələbənin əhəmiyyəti barədə danışıblar. Qeyd edilib ki, qəhrəman oğullarımızın sayəsində ölkəmiz ermənilərin xalqımıza qarşı həyata keçirdiyi işğalçılıq əməllərinə 44 gündə son qoyaraq əzmkar, qalib xalq və millət adını özünə qaytardı.

Balacalar Vətənə, igid oğullarımıza, şəhidlərə həsr edilmiş şeirlər söyləyib, bağçanın müəlliməsi Tabəs Əmiraslanovanın quruluş verdiyi səhnəcikləri nümayiş etdiriblər. Sonda şəhidlərin fotolarını başları üzərinə qaldıran uşaqlar “Qarabağ Azərbaycandır!” şüarını səsləndiriblər.
P.S. Qarabağ uğrunda vuruşub zəfər qazanan qəhrəman hərbçilərimiz də bağçalarda, məktəblərdə aşılanan Vətən eşqi ilə böyümüşdülər. Çox güman, onlar o zaman işğal tarixini qeyd ediblər və hər dəfə hərbi marş sədaları altında addımlayıb, qisas ruhu ilə boy atıblar. Hansı ki, bizi məhz o kiçik addımlar bu böyük Zəfərə qovuşdurdu. Bu gün körpələr evində marş sədaları altında addımlayan Aras, Əli, Hüseyn, Ayan kimi balaların kiçik addımları da, heç şübhəsiz ki, bizi parlaq gələcəyə aparacaqdır.

Teymur Əlizadə,
Rəşad Mehtiyev

Geriyə Çap et


Faydalı keçidlər
Linklər