Logotype

1933-cü ildən çıxır

Xəbərlər

19.10.2021

Maarifləndirmək də mübarizədir

Bakı Şəhər Baş Polis İdarəsi və Xətai Rayon Polis İdarəsinin əməkdaşları 171 nömrəli tam orta məktəbin şagird və pedaqoji kollektiviylə görüş keçiriblər. "Narkomaniyaya, zərərli vərdişlərə və zorakılığa yox!" mövzusunda baş tutan tədbirdə əməkdaşlarımız əvvəlcə Birinci Qarabağ müharibəsində şəhid olmuş Zaur Məmmədovun abidəsi önünə qərənfillər düzüblər.
Tədbiri giriş sözü ilə açan məktəb direktoru Zemfira Məsiyeva gənclərin təlim-tərbiyəsində məktəb, valideyn və qanun keşikçilərinin müştərək iştirak etməsinin əhəmiyyətindən danışaraq, polisin maarifləndirici işinin önəminə diqqət çəkib.

Daha sonra tədbir polis əməkdaşlarının çıxışları ilə davam edib.
Bakı şəhər BPİ İctimai Təhlükəsizlik İdarəsinin bölmə rəisi, polis polkovniki İbrahim İsmayılov, bölmənin baş inspektoru, polis polkovnik-leytenantı Kəmalə Ələkbərova, Veteranlar Şurasının sədri Emin Məmmədov və digər çıxışçılar mövzu ilə bağlı geniş məlumat veriblər. Tədbirdə narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin ümumi vəzifə olduğu, birlikdə mücadilə ilə müsbət nəticə əldə etməyin mümkünlüyü izah edilib. Xüsusən yeniyətmələri, gəncləri hədəf alan, ilk mərhələdə spirtli içki qəbul etmək, siqaret çəkmək, dərsdən yayınma kimi zərərli vərdişlərlə başlayan narkotik vasitələrdən asılılığın ciddi sağlamlıq problemləri yaratdığı, hətta ağır cinayət hadisələrinin törədilməsinə səbəb olduğu faktlar əsasında şagirdlərin diqqətinə çatdırılıb.

Məktəbin müəllimləri, şagirdlər də mövzu ətrafında çıxış edib, fikirlərini bildiriblər. Polis əməkdaşları onları maraqlandıran sualları cavablandırıblar.
Sonda məktəbdə yaradılmış "Zəfər güşəsi" ilə tanış olan əməkdaşlarımız şagirdlərin çəkdikləri rəsmlərə baxış keçiriblər.
R.Mehtiyev

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər