Logotype

1933-cü ildən çıxır

Xəbərlər

19.09.2021

Atadan oğula qalan miras

İctimai asayişi qorumaqla, cinayətkarlıqla mübarizə aparmaqla yanaşı Vətən çağıranda sinəsini səngər edib onu qoruyur Azərbaycan Polisi.
Birinci Qarabağ savaşında tariximizə əbədi həkk olunan qəhrəmanlıqlara imza atan polisin keçdiyi döyüş yolunun son duracağı II Vətən savaşından sonra Şuşa oldu. Könlümüzdə taxt quran mənəvi paytaxt şəhərimizi düşməndən azad etdik. Bu gün orada ataları bir zamanlar Şuşa uğrunda döyüşən həmkarlarımızın, soydaşlarımızın oğulları xidmət aparırlar.
Beləcə Vətənə xidmət atadan oğula keçən, bir növ nəsildən-nəsilə ötürülən müqəddəs bir amala çevrilir. Polis baş serjantı Əziz Azər oğlu Məmmədov da atasının yarım qalan qəhrəmanlıq yolunu davam etdirir.
O, 1987-ci ildə Bakıda doğulub. Nərimanov rayonundakı 291 saylı Araz ekologiya liseyini bitirdikdən sonra Bakı Biznes Universitetinə daxil olub. Hərbi xidmətini başa vurduqdan sonra bir şəhid polis övladı kimi daxili işlər orqanlarında xidmət etmək arzusu ilə Daxili İşlər Nazirliyinə müraciət edib. İllər sonra atasının sıramızda boş qalan yerindən onun boyu görünür.

Həmkarımız 2007-ci ildən Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun Komendant Taqımında xidmət edir. Yaradılan şəraitdən və şəhid övladı kimi ona göstərilən diqqət və qayğıdan minnətdarlıq hissi ilə danışır. Ünvanladığımız sualların cavabının hər birinin sonu “Vətən sağ olsun!” ilə bitir. Bu ifadə çoxumuzun leksikonunda özünə yer eləməsə də şəhid ömür-gün yoldaşları və şəhid övladları onun çəkisini də, dəyərini də yaxşı bilirlər. O, atasını kölgə kimi, duman kimi xatırlayır. Onun haqqında keçmiş zamanda danışmır. Özü dediyi kimi:“Axı qəhrəmanlar ölmürlər”...

“Yadımdadır, uşaq ikən atamın işdən gəlməyini səbrsizliklə gözləyirdim. Uzaqdan onun parıldayan paqonlarını görəndə qabağına qaçıb, qucağına atılırdım. Onun vətənpərvərliyi, cəsurluğu mənə bir həyat məktəbi oldu”...
Çox qəribədir. Şəhid övladları ilə ünsiyyət qurmaq ilk baxışdan çətin görünsə də bir kiçik xatirə yetər ki, bir ömrün salnaməsi xatırlansın, yada düşsün. Torpağa qovuşan oğulların xatırlanması, anılması ondan xəbər verir ki, bu torpaqda iz qoyanların adı hələ uzun illər bundan sonra da yada düşəcək, adları dillərdə dastan olacaqdır.
Kiçik bir xatırlatma: Polis baş serjantı, şəhid Azər Əziz oğlu Məmmədov 15 mart 1964-cü ildə Bərdə şəhərində doğulub. 1991-ci ildən Bərdə rayon daxili işlər şöbəsində xidmətə başlayıb. Düşmən torpaqlarımıza göz tikəndə minlərlə həmkarımız kimi silaha sarılıb, Vətəni qoruyub. Ağdərənin Marquşavan kəndinin müdafiəsində şəhidlik zirvəsinə ucalıb. 26 fevral 1992-ci ildə Xocalı faciəsi günü Bərdənin ilk şəhidi olaraq torpağa tapşırılıb.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər