Logotype

1933-cü ildən çıxır

Xəbərlər

01.09.2021

Ananın fəryadına polis yetişdi

Adətən, düzgün qurulmayan ailədaxili münasibətlər münaqişəyə səbəb olur və ailələr dağılır. Bu vəziyyətdən isə ən çox, təbii ki, uşaqlar zərər görür. Belə hallarda həm uşaqları qorumaq, həm də münaqişənin daha ciddi fəsadlar törətməməsi üçün polisin hadisələrə müdaxiləsi zəruri prosesə çevrilir.

Xətai rayonunda da oxşar hadisə baş verib. Boşanmış ailə ilə bağlı bir neçə məhkəmə instansiyası övladın anada qalması barədə qərar versə də, qərarı iki il ərzində icra etmək mümkün olmayıb. İcra məmurları uşağı bir neçə dəfə anaya təhvil veriblər, ancaq onu yenidən atası aparıb, sonuncu dəfə isə geri qaytarmaqdan imtina edib.
Əli hər yerdən üzülən uşağın anası Sədaqət Xanzadəyeva övladının itkin düşməsi barədə polisə məlumat verəndən sonra işə Xətai Rayon Polis İdarəsi qarışıb.

İdarənin İctimai Təhlükəsizlik Şöbəsinin bölmə rəisi, polis kapitanı Fərid Rəhimov qəzetimizə bildirib ki, onlar uşağın yerini müəyyən ediblər, lakin 14 yaşlı yeniyetmə atası ilə qalmaq istədiyinə görə onun dərhal anasına təhvil vermək mümkün olmayıb. Bundan sonra polis əməkdaşları həm uşaqla, həm də atası ilə apardıqları profilaktik söhbətlə məsələni həll etməyə çalışıblar. Nəhayət, polis əməkdaşlarının səyləri nəticə verib və uşağı anasına qaytara biliblər.
Bölmə rəisinin sözlərinə görə, polis əməkdaşları vəziyyəti daim nəzarətdə saxlayırlar.
Yeri gəlmişkən, elə uşağın anası S.Xanzadəyeva da DİN rəhbərliyinə ünvanladığı məktubda Rayon Polis İdarəsinin fəaliyyətini yüksək qiymətləndirərək, övladına qovuşmasında göstərdikləri köməyə görə onlara minnətdarlığını ifadə edib.

R.Mehtiyev

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər