Logotype

1933-cü ildən çıxır

Xəbərlər

26.08.2021

Polis ictimaiyyətə açıqdır Sosial media ictimaiyyətlə əlaqələrin qurulmasında polisə yeni imkanlar qazandırıb

Bu gün hər bir vətəndaşın məhz sosial şəbəkə hesabları ilə birbaşa istənilən quruma müraciət etmək imkanı dəfələrlə artıb, asanlaşıb. Hətta o dərəcədə ki, bəzən özünə aid olmayan problemləri də sosial şəbəkə istifadəçisi geniş auditoriyaya təqdim edir, ictimai nəzarət funksiyasını təkbaşına həyata keçirir.

Vətəndaşların belə müraciətlərinə adekvat reaksiya verilməsi, operativ cavablandırılması ilə seçilən Daxili İşlər Nazirliyi bu mənada ictimaiyyətə ən açıq qurumlardan biri sayılır.
Etiraf edək ki, müasir informasiya texnologiyası polisə də ictimai asayişin qorunması və cinayətkarlıqla mübarizə sahəsində geniş imkanlar yaradıb. Bunun ən bariz nümunəsi kimi, bu yaxınlarda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı ictimaiyyətə edilən çağırışa cavab olaraq sosial şəbəkə hesablarımıza göndərilən məlumatlar sayəsində narkotacirlərin yaxalanmasını yada sala bilərik. Yeri gəlmişkən, narkotik təhdidinə qarşı “ictimai müqavimət” elə indi də davam edir.
Narkotik alverçiləri bu sosial platformalardan istifadə etməklə özlərinin virtual aləmdə “görünməz” ola biləcəyini düşünsələr də, məhz cəmiyyətin polisə dəstəyi sayəsində hər gün daxil olan məlumatlar əsasında onlar ifşa olunurlar. Atalarımızın dediyi kimi, el gücü sel gücünə çevrilir.
Ancaq bu proses birtərəfli deyil, yəni polis sosial şəbəkələrdən yalnız ictimai asayişin qorunması və cinayətkarlıqla mübarizə kimi “öz marağından” irəli gələn məsələlərin həlli ilə məşğul olmur. Daha çox vətəndaş müraciətlərinin cavablandırılması, onların üzləşdikləri problemlərə operativ müdaxilə etmək üçün əlverişli bir platforma kimi istifadə edilir.
Bu gün nəinki polisin fəaliyyəti barədə - xidmətə qəbul olma, şikayət, etiraz, təşəkkür, hüquqi yardım alma kimi ən müxtəlif məsələlərlə bağlı istənilən şəxs polisin sosial şəbəkələrdəki səhifələrinə yazır.

Məsələn, ötən il başlayan pandemiyanın ilk vaxtlarında, 4 ay ərzində Nazirliyin təkcə feysbuk səhifəsinə daxil olmuş 9 min müraciət cavablandırılıb. Həmin ərəfədə istifadəçilər əsasən karantin qaydaları ilə bağlı suallarla müraciət ediblər. Hazırda isə Daxili İşlər Nazirliyinin çoxminli auditoriyaya malik instaqram, feysbuk, teleqram, yutub platformalarından gün ərzində yuxarıda qeyd etdiyimiz məzmunlu minimum 200-250 müraciət daxil olur ki, onların cavablandırılması, aidiyyəti üzrə yönləndirilməsi həyata keçirilir.

Bu, polislə vətəndaş arasında birbaşa qurulan körpünün, bağlantının rəqəmlə ifadəsini, eyni zamanda, polisin hadisələrə sosial şəbəkələr üzərindən anında müdaxiləsinin riyazi əmsalını əks etdirir. Biz hələ vətəndaş müraciətlərinə qanunvericiliklə müəyyən edilmiş digər hallarda baxılması qaydaları çərçivəsində görülən işlərdən bəhs etmədik.
Zənnimizcə, bu qədəri belə polisin vətəndaş müraciətinə həssas münasibəti barədə yetərincə aydın təsəvvür yaradır.

R.Mehtiyev

Geriyə Çap et


Faydalı keçidlər
Linklər