Logotype

1933-cü ildən çıxır

Xəbərlər

06.08.2021

Böyük qələbələrin balaca bələdçisi

Polis övladı olmaq bu peşənin çətinliklərinə ailə olaraq ortaq olmaq deməkdir. Təbii ki, elə qüruruna da. Bəzən isə onlar özləri polis atanın, ananın, bütövlükdə isə ölkənin iftixarına çevrilirlər. Aylin Ənsari kimi.
Haqqında bəhs edəcəyimiz 11 yaşlı Aylin Ənsari idmanın bədii gimnastika növü ilə məşğul olur. Gücü, gözəlliyi və harmoniyanı özündə birləşdirən gimnastika üzrə balaca Aylin əsl istedaddır. Onun uğurlu çıxışları gələcəkdəki böyük qələbələrə indidən bələdçilik edir. O, artıq dəfələrlə respublika və beynəlxalq səviyyəli yarışlarda iştirak edib, qələbə qazanıb.
Aylinin anası Mehriban Ənsari Yasamal RPİ Post-Patrul Xidməti Bölüyündə polis nəfəri kimi xidmət edən yeganə xanım əməkdaşdır. 2015-ci ildən daxili işlər orqanlarında xidmət edən həmkarımız gündəlik xidməti tapşırıqları icra etməkdən başqa, indiyədək ölkəmizdə keçirilən bütün beynəlxalq kütləvi tədbirlərdə təhlükəsizliyin təmin edilməsinə cəlb edilib.
Haqlı olaraq qızı haqqında fəxrlə danışır.
Deyir ki, Aylin 2018-ci ildə Polşanın Gdania şəhərində 28 ölkədən 300 gimnastın qatıldığı bədii gimnastika üzrə Beynəlxalq səviyyəli yarışda uğurla çıxış edərək IV yerə layiq görülüb. Ölkə daxilində keçirilən yarışlarda da həmişə yüksək fəxri pillədə dayanıb. O, həmçinin 2017-ci ildə “Payız ulduzları” Start açıq birliyinin kuboku uğrunda çoxnövçülük hərəkətləri üzrə yarışda I yer tutub. Onun nailiyyətləri sırasına ötən il “Xəyala doğru bir addım” 1-ci İsmayıllı kubokunda topla hərəkətlərinə görə bədii gimnastika üzrə yarışlarda qazandığı II yeri də əlavə etsək, bu polis övladını gələcəkdə daha böyük uğurlar gözlədiyini əminliklə söyləyə bilərik.
Aylinin uğurlarında sözsüz ki, təhsil aldığı məktəbin də rolu var. O, əlaçıdır. Təhsilin və idmanın vəhdəti onun uğurlarına yol açır.
Klub çərçivəsində keçirilən yarışlarda qazandığı qələbələr balaca Aylinin idmana açılan yolunun ilk cığırlarıdır. Məşqçiləri deyir ki, halqalarla, lentlərlə hərəkəti musiqinin ahəngi ilə birləşdirən Aylin ən çətin hərəkətləri ustalıqla yerinə yetirir. Hələ kiçik olsa da, böyük arenalarda məharətini göstərən Aylin Ənsari özündən böyüklərin məşqlərinə baxmaqla maraq dünyasını zənginləşdirir. Maraq, həvəs olan yerdə isə qələbə qaçılmazdır. Həmkarımızın övladına uğurlar, seçdiyi yolda qələbələrinin davamlı olmasını arzulayırıq.

R.Mehtiyev

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər