Logotype

1933-cü ildən çıxır

Xəbərlər

03.08.2021

Həyatın dibindəki həyat Polislər küçədəki körpənin ümidi oldu

Küçədə piyada səkisinin üstündə mürgüləyən körpənin beşiyini daş piltələr əvəz edib. Hər gün yanından ötüb keçənlərin ayaq səslərini, avtomobil nəriltisini ana laylası kimi eşidib, yuxuya gedib. Yenicə göz açdığı həyatda gün üzü görməyən bu körpənin “beşiyi” elə doğulduğu andan həyatın dibində yırğalanıb. Onun mürgülədiyi bu “dərinliyə” heç zaman gün işığı düşməyib.
Bəlkə körpənin həyatı elə bu cür davam edəcəkdi, ya da bir gün onun məsum gözlərinə əbədi qaranlıq çökəcək və hər şey qəfil bitəcəkdi. Gün düşməyən bu yerdəki bir körpənin başına gələ biləcək faciəyə görə fəryad edəcək anası da olmayacaqdı. Çünki onun anasının analıq duyğularını narkotik çoxdan öldürüb...
Ancaq, bu ümidsiz vəziyyətə baxmayaraq, uğursuz başlamış həyat hekayəsində hər şey qəfil dəyişib. Həyatın dibindəki bu balacanın həyatı ətrafdakı vətəndaşların diqqəti, polisin operativliyi sayəsində xilas olub.
Sosial şəbəkələrdə bir qadının Yasamal rayonu ərazisində körpə uşağı ilə dilənməsini əks etdirən videogörüntünü araşdıran polisə bununla bağlı vətəndaşlar da müraciət ediblər. DİN-in “102” Xidməti Zəng Mərkəzinə məlumat verən vətəndaşlar bələkdəki körpəni küçədə nəzarətsiz qoyan qadının dilənçilik etdiyini, bunun isə onlarda narahatlıq yaratdığı barədə məlumat verib, kömək istəyiblər. Müraciətləri nəzərə alan Yasamal RPİ-nin əməkdaşları qadının tapılması və uşağın taleyi ilə bağlı ciddi tədbirlərin görülməsi üçün dərhal axtarışlara başlayıblar.
Polis əməkdaşları müəyyən ediblər ki, videogörüntülərdə olan qadın paytaxt sakini Rövşanə Kərimovadır. Yasamal RPİ PPXB əməkdaşları azyaşlı övladı ilə birlikdə dilənən qadını tapıb sığınacağa yerləşdiriblər.
Ana və uşağın taleyi ilə bağlı “Polis”in suallarını cavablandıran Yasamal RPİ-nin İctimai Təhlükəsizlik Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi, polis mayoru Nəbi Nəcəfov deyib ki, övladını küçədə nəzarətsiz qoyub dilənən ana narkotik istifadəçisidir və tüfeyli həyat tərzi keçirir. Bölmə rəisinin sözlərinə görə, yeni doğulan uşağın həyat və sağlamlığının qorunması məqsədilə, o, körpələr evinə yerləşdirilib, anası barədə isə araşdırmalar aparılır.
Körpə artıq etibarlı əllərdə - dövlətin himayəsindədir!

Rəşad Mehtiyev
polis baş serjantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər