Logotype

1933-cü ildən çıxır

Xəbərlər

18.07.2021

Döyüş əmrini gözləyirdik...

Bizi Vətən müharibəsində qələbəyə aparan yol bir neçə nəslin həyatında unudulmaz iz qoydu. Əbədiyyətə qovuşan fədailərin şəhidlər xiyabanlarında məzarlarının sayı artdı, qazilərimizin sıraları genişləndi, amansız müharibənin fəsadları və nişanələri çoxaldı. Bütün bu ağrı-acılara baxmayaraq, mübariz xalq kimi zəfər zirvəsini inamla, dəyanətlə fəth etdik. Bu gün biz vaxtilə üzümüzə bağlı qalmış yollarla Ağdama, Füzuliyə, Cəbrayıla, Zəngilana, Qubadlıya, Laçına, Kəlbəcərə, Hadruta, Şuşaya və digər yurdlarımıza gedirik.
Vətən müharibəsi haqqında real təsəvvürə malik olmaq, döyüşçü missiyasını dərk etmək üçün şəhidlərin və qazilərin döyüş yoluna nəzər salmaq vacibdir.
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbçisi, baş gizir, qazi, Xəyal Məmmədov Vətən müharibəsi iştirakçısıdır. O, 1989-cu il yanvarın 23-də o vaxtkı Qazı-Məmməd şəhərində (indiki Hacıqabul şəhəri) doğulub. Babası İkinci Dünya müharibəsindən qayıtmayıb, dayısı və əmisi isə Birinci Qarabağ müharibəsinin iştirakçıları olub.
Xəyal Hacıqabul şəhərindəki Fariz Cəbrayılov adına 2 saylı orta məktəbdə təhsil alıb. Özünün dediyinə görə, hüquqşünas ixtisasına maraq göstərib. Qəbul imtahanında kifayət qədər bal toplamadığından, tələbə olmaq, ali təhsil almaq arzusu reallaşmayıb.

2007-ci ilin oktyabrında Xəyal Daxili Qoşunların sıralarında müddətli həqiqi hərbi xidmətə başlayıb. O, Daxili Qoşunların Bakının Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsindən kiçik komandirlər kursuna göndərilib, kursdan qayıtdıqdan sonra hərbi hissədə patrul taborunun patrul bölüyündə manqa komandiri və taqım komandirinin müavini vəzifələrində “çavuş” hərbi rütbəsinədək yüksələrək xidmət edib. 2009-cu ilin aprel ayında müddətli həqiqi hərbi xidmətdən tərxis olunub.
Xəyal həmişə fikrinə diqqətlə yanaşdığı atası ilə məsləhətləşərək, həyatını hərbçi peşəsinə bağlamaq barədə qərar verib və Daxili Qoşunların sıralarına qayıdıb. 2009-cu ilin dekabrında müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunub. Həmin vaxtdan qoşunların Lənkəran rayonunda yerləşən “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunun yarımqrupunda atıcı, əməliyyat taborunun əməliyyat bölüyündə taqım komandirinin müavini, təminat bölüyünün təminat taqımında ATS emalatxana rəisi, təminat bölüyünün təminat taqımında avtomatik telefon stansiyasının rəisi, xüsusi təyinatlı dəstənin istehkamçı yarımqrupunda radiotelefonçu-istehkamçı, istehkamçı yarımqrupunun komandiri-baş istehkamçı vəzifələrinə təyin edilib. Xidmətilə komandanlığın etimadını doğruldub.
O, 2011-ci ilin noyabr ayından 2012-ci ilin may ayınadək Daxili Qoşunların Ali Hərbi Məktəbinin nəzdindəki gizirlərin hazırlanması kursunda təhsil alıb, ona “gizir” hərbi rütbəsi verilib. 2018-ci ilin avqust ayının 18-də “baş gizir” hərbi rütbəsinə yüksəlib. 2015-ci ildə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin təşkil etdiyi “Əsas humanitar minaaxtarma kursu”nu müvəffəqiyyətlə bitirib.
Vətən müharibəsi bir çox döyüşçü kimi onun da xatirələrində yaşadacağı bir səhifəsidir. Xəyal onu da deyib ki, hərbi formanı geyindiyi gündən nə vaxtsa döyüşə gedəcəyi, torpaqlarımızı işğal edən düşmənə qarşı vuruşacağı, şəhidlərin qisasını alacağı barədə həmişə fikirləşib. Xüsusi təyinatlının əsas amalı döyüş tapşırığını nəyin bahasına olursa-olsun yerinə yetirməkdir. Döyüş əmrini gözləyirdik - deyə qazi vurğulayıb.
2020-ci ilin oktyabr ayının 5-dən baş gizir X.Məmmədov Füzuli rayonunun ərazisində kapitan Cavid Tağıyevin (hazırda “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin komandiri) rəhbərliyi altında döyüş əməliyyatlarına cəlb olunub. “Beton post” adlanan ərazidə düşmənin artilleriya vasitələrinin atəşinə məruz qaldıqları şiddətli döyüşdən danışan qazimiz onu da bildirib ki, Füzuli rayonunun Kərimbəyli kəndi yaxınlığında bir neçə gün müdafiə mövqeyində dayanıblar. Oradan Cəbrayıl rayonunun ərazisinə hərəkət ediblər. Həmin istiqamətdə düşməndən azad olunmuş ərazilərdəki postlarda qarşıya qoyulan tapşırıqları yerinə yetiriblər. Oktyabrın son günündə Cəbrayıl rayonundan Xocavənd rayonunun Hadrut qəsəbəsinə göndəriliblər. Hərəkət istiqamətləri dəqiqləşdirilərək döyüşçülər ayrı-ayrı qruplara bölünüblər. Xəyal kapitan Taleh Rüstəmlinin (hazırda Daxili Qoşunların Bərdə rayonundakı “N” saylı hərbi hissəsində xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunun komandiri) tabeliyinə verilən qrupun tərkibində döyüş yolunu davam etdirib.

Xocavənd rayonunun çətin relyefə malik ərazilərindən keçməklə onun daxil olduğu qrup və digər qruplar Şuşaya istiqamət götürüblər. Bir neçə gün piyada yol qət edərək Şuşanın ətrafına yaxınlaşıblar. Şəhərin yaxınlığındakı əlverişli mövqelərin tutulması, düşmənin köməyə gələ biləcək qüv-
və və vasitələrinin yolunun kəsilməsi məqsədilə qruplara aidiyyəti döyüş tapşırıqları verilib. Onların qrupu Şuşa ətrafındakı meşəlik ərazidə irəliləyərək Xankəndi yolunu nəzarətə götürmək üçün mövqe tutub. Həmin yerdə düşmənin canlı qüvvəsini atəş zərbəsinə məruz qoyublar. Noya-
brın 5-də düşmən tankından bizim mövqeyə atılan mərminin partlaması nəticəsində qəlpələr Xəyalın üzünü, sağ ayağını və hər iki qolunu ağır yaralayıb.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18, 25 və 29 dekabr tarixli müvafiq sərəncamları ilə baş gizir X.Məmmədov “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Evlidir, iki oğul və bir qız övladı var. Qazinin bədənində hələ çıxarılmayan xırda qəlpələr, aldığı yaraların müəyyən fəsadları qalıb. Fədakar döyüşçüyə şəfa diləyirik.

Yalçın Abbasov,
DİN Daxili Qoşunlarının veteranı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər