Logotype

1933-cü ildən çıxır

Xəbərlər

13.07.2021

Növbəti uğurlu hesabat Cəmiyyətin dəstək verdiyi polis orqanları daha qətiyyətli mübarizəyə başlayır

Ötən həftə Daxili İşlər Nazirliyində keçirilən Kollegiya iclasında cinayətkarlıqla mübarizə və ictimai asayişin mühafizəsinin etibarlı təmin olunduğu bir daha ölkə ictimaiyyətinin diqqətinə çatdırıldı. İctimaiyyət nümayəndələri, KİV təmsilçiləri bu iclasın bir çox göstəricilərə və çağırışlara görə də yadda qalacağını deyirlər.
Cinayətlər azalsa da, xidməti tələblər yüksəkdir
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun qeyd etdiyi kimi, bu ilin birinci yarısı növbəti uğurlu hesabat dövrlərindən biridir. Çünki cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması, xüsusi karantin rejiminə nəzarətin həyata keçirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində gündəlik vəzifələr yüksək səviyyədə yerinə yetirilib.

Yeri gəlmişkən, “Formula-1” Qran-pri yarışının, futbol üzrə Avropa çempionatı kimi beynəlxalq əhəmiyyətli kütləvi tədbirlərin təhlükəsizliyi daxili işlər orqanları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən, yenə də heç bir xoşagəlməz halın baş verməsinə imkan verilmədən təmin edildi. İşğaldan azad edilmiş ərazilərdə partlamamış silah-sursatların aşkar edilməsi, bu ərazilərə nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərənlərin qarşısının alınması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlərinin davam etdirilməsi polisin Böyük Qayıdışa ciddi hazırlığının bir göstəricisidir.
Cinayətkarlıqa aparılan mübarizənin nəticələrinə əsasən deyə bilərik ki, bu hesabat dövründə cinayətlərin sayında da azalmalara nail olunub. Belə ki, qeydə alınmış cinayətlərin 84,3 faizi böyük ictimai təhlükə törətməyən və az ağır növləri olub, ən çox da oğurluq, soyğunçuluq, odlu silahın tətbiqi ilə baş verən cinayətlərdə azalma müşahidə edilib. Onların azalma nisbəti 30 faizdən çoxdur. Ümumiyyətlə, daxili işlər və prokurorluq orqanları üzrə 14 min 58 cinayətin açılmasında nəzərəçarpan yaxşılaşmanın qeydə alınması cinayətkarlıqla səmərəli, qətiyyətli mübarizəyə dəlalət edir.

Daxili işlər orqanlarının fədakar fəaliyyəti ölkə rəhbərliyi tərəfindən də daim diqqət mərkəzində saxlanır, onlar qayğı ilə əhatə olunurlar. Polisin və Daxili Qoşunların peşə bayramları ərəfəsində əməkdaşlarımıza, hərbi qulluqçularımıza dövlət mükafatlarının, ali xüsusi rütbələrin verilməsi, Vətən müharibəsində döyüş tapşırıqlarının yerinə yetirilməsində fərqlənənlərin mükafatlandırılması barədə dövlət başçısının sərəncamları ali diqqətin növbəti təzahürüdür.
İctimaiyyət nazirin müraciətini dəstəkləyir
Kollegiya iclasında narkotiklərlə mübarizənin vəziyyətinə ayrıca nəzər yetirilməsi və vətəndaşlara müraciət edən general-polkovnik Vilayət Eyvazovun artan təhlükəyə qarşı birgə mübarizəyə çağırış etməsi, bu bəlanın qarşısını almağın polisin əsas vəzifələrindən biri olaraq qaldığını, bundan sonrakı mübarizəyə ictimaiyyətin daha aktiv şəkildə qoşulmasının ümumi məqsədə fayda verə biləcəyinin mesajı oldu. Əslində, bu ilin 6 ayında polisin narkotiklərin qanunsuz dövriyyədən çıxarılması istiqamətində fəaliyyəti daha “məhsuldar” olub. Çünki ötən ilin 6 ayı ilə müqayisədə qeyri-leqal dövriyyədən 776 kiloqram çox və ya 1 ton 843 kiloqram narkotik vasitə çıxarılıb, qanunsuz kultivasiya olunan 140 ton narkotik xassəli bitki aşkarlanaraq məhv edilib.
Bununla belə, nazirin də qeyd etdiyi kimi, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bütün bəşəriyyəti narahat etməkdə davam edir. Qanunsuz dövriyyədən çıxarılan narkotiklərin həcmi ilbəil artsa da, onun ölkəyə gətirilmə cəhdləri də çoxalır və belə bir vəziyyət gənclərin narkotik aludəçisi olma təhlükəsini artırır.

Deməli, gələcəyimizi, genefondumuzu təhdid edən bu təhlükəni aradan qaldırmaq üçün hər kəs - sosial şəbəkə istifadəçiləri, media nümayəndələri, ziyalılar, ictimai nüfuz sahibləri ümumi işə real köməklik göstərməli, bəlanın qarşısının alınması istiqamətində təkliflər verməli, müəyyən layihələr təqdim etməlidirlər. Bir sözlə, cəmiyyət polisin maarifləndirmə tədbirlərinə qoşulub narkomaniyaya qarşı ictimai cəbhə açmalıdır. Antinarkotik təbliğat sahəsində vətəndaşların köməyinə həmişəkindən daha çox ehtiyac duyulması məhz bu zərurətdən yaranır.
Cənab nazirin müraciətinə artıq ilkin reaksiyalar var və bu, ictimaiyyətin çağırışı qəbul edib mübarizəyə qoşulmağa hazır olduğunun bariz nümunəsidir.
Rəşad Mehtiyev
polis baş serjantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər