Logotype

1933-cü ildən çıxır

Xəbərlər

20.05.2021

Dünyanı uşaqlara verək!

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşları Ramazan bayramı ərəfəsində autizmli və kimsəsiz uşaqlarla görüşüblər.
Sabunçu rayonunda yerləşən 11 nömrəli inteqrasiya təlimli internat məktəbin şagirdləri ilə karantin qaydalarına əməl etməklə keçirilən görüşdə polis əməkdaşları uşaqlarla söhbət edib, onların şəraitləri, təhsilləri ilə maraqlanıblar. Həmkarlarımızı sevinc hissi ilə qarşılayan uşaqlar gələcəkdə qanun keşikçisi olmaq, bəziləri isə həkim, müəllim, hərbçi peşələrini seçmək kimi arzularını dilə gətiriblər. Onlara arzularına çatmaq üçün təhsildə uğur qazanmalarının vacibliyini izah edən asayiş keşikçiləri azyaşlılarla müxtəlif oyunlar oynayıb, onların kiçik dünyalarına rəng qatıblar.

Məktəbin direktoru Gülnarə Abdullayevanın sözlərinə görə, internat evində 1648 uşaq dövlətin himayəsinə sığınıb. Onlardan 248-nin xüsusi qayğıya ehtiyacı var, 120-si isə 3-5 yaş arasında olan uşaqlardır. O, uşaqların keyfiyyətli təhsili, qayğılarının qarşılanması üçün dövlət tərəfindən bütün lazımi tədbirlərin görüldüyünü bildirib. Bu, özünü nəticələrdə də göstərir. Məktəbin məzunlarından Polşada, Almaniyada və Türkiyədə təhsillərini davam etdirənlər var.
Əməkdaşlarımız “Birgə və Sağlam” İctimai Birliyində təlim keçən autizmli uşaqlarla da görüşüblər. Həmkarlarımız onların bişirdikləri təamlardan dadıb, əylənib, deyib-gülüblər. Hətta onlardan bəziləri yol patrul xidməti avtomobilində ictimai asayişi və təhlükəsizliyi qoruyan həmkarlarımızla birlikdə “xidmətə” çıxıblar. Birliyin təsisçisi Aytən Eynalova bu görüşün uşaqlarda dərin təəssürat yaradacağına əminliyini ifadə edib.
Sonra uşaqlara bayram sovqatları təqdim olunub.

Rəşad Mehtiyev,
polis baş serjantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər