Logotype

1933-cü ildən çıxır

Xəbərlər

12.04.2021

İnformasiya əldə etmək əsas hüquqlardandır Polis fəaliyyəti ilə bağlı qanunvericiliyə uyğun ictimaiyyətə məlumat verir

İctimai mühitə təsir göstərən, maraqlı və əhəmiyyətli olan bütün hadisə və faktlar barədə informasiya almaq hüququ vətəndaşların fikir azadlığının tərkib hissəsidir ki, bu da Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunur. İnsan hüquq və azadlıqlarının əsas meyarlarından biri olan informasiyanın əldə edilməsi isə həm də cəmiyyətdə baş verən dinamik proseslərdən xəbər tutmaq üçün ən vacib elementlərdəndir.
Məhz “İnformasiya əldə etmək haqqında” Qanunun qəbul olunmasında əsas məqsəd məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirməkdən, həmçinin, ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaqdan ibarətdir.

“İnformasiya əldə etmək” haqqında Qanuna əsasən məlumatın əldə edilməsi üçün sorğu ilə müraciət etmək əsas şərtdir. İnformasiya sorğusunun 2 üsulu var: şifahi və yazılı.
Şifahi şəkildə informasiya sahibinin vəzifəli şəxsinə bilavasitə və ya telefonla müraciət etməklə məlumat almaq mümkündür. Adətən jurnalistlər məlumatın əldə edilməsi barədə yazılı sorğuya üstünlük verirlər. Çünki şifahi sorğu və ya verilən cavablar sonradan müəyyən problemlərə yol açır. Yazılı sorğuya gəlincə, ona Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. İnformasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. Qanunda göstərilən müddətdə həmin məlumat öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir.
İnsan həyatı, sağlamlığı, yaxud şəxsin azadlığı üçün real təhlükə yarandığı hallarda axtarılması və hazırlanması müəyyən vaxt tələb edən informasiya 48 saat ərzində (bayram və istirahət günləri istisna olmaqla) təqdim edilir. Əgər sorğu natamam və ya qeyri-dəqiq tərtib olunubsa, vəzifəli şəxs müəyyən edilmiş çatışmazlıqlar barədə sorğuçuya 5 iş günü ərzində məlumat verir.
Cəmiyyətdə baş verənlərin əsas iştirakçıları kimi vətəndaşların ən çox təmasda olduğu və informasiya əldə etmək üçün müraciət etdiyi daxili işlər orqanları da işini günün tələblərinə uyğun olaraq qanun çərçivəsində qurur.

“Polis haqqında” Azərbaycan Respublikası Qanununun “Polisin fəaliyyətində aşkarlıq” adlanan 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, polis öz fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada dövlət orqanlarına və əhaliyə məlumat verir.

Aytəkin Nəcəfova,
polis polkovnik-leytenantı

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər