Logotype

1933-cü ildən çıxır

Xəbərlər

16.03.2021

Zəfər coşqusuyla “Asayişin keşiyində”

“Asayişin keşiyində” jurnalı yenidən nəfis tərtibatla çap olunub və artıq oxucuların ixtiyarındadır. Çox güman, diqqətli oxucularımız sayca 12-ci olan bu nömrədəki məqalələrin əvvəlkilərdən fərqli ovqatda yazıldığını seziblər və bunun səbəbini də bilməmiş deyillər.

Hər birimizin qəlbində bir gün mütləq Qarabağa dönəcəyimizə olan ümidimiz ötən ilin payızında, nə qədər qəribə də olsa, təbiət yuxuya hazırlaşanda cücərdi. Sentyabırın 27-də - torpaqlarımızın azadlığına səbəb olacaq Vətən müharibəsinin ilk günü əks-hücuma keçən şanlı ordumuzun açdığı ilk atəş qəlbimizdə qubar bağlayan həsrətin artıq sona yetəcəyinin müjdəçisi kimi səslənmişdi. Ali Baş Komandanın qətiyyəti, xalqın birliyi, ordunun şücaiəti 30 illik dərdimizi 44 günə bitirdi - əsrlər sonra torpaq itirən deyil, torpağına sahib çıxan xalq kimi tarix yazdıq. Ona görə də jurnalımızı elə bu ovqata – Zəfər coşqusuna köklədik...
Üz qabığında Ali Baş Komandan İlham Əliyevin hərbi geyimdə, bir növ, ordumuzun şərti adı “Dəmir yumruq” olan uğurlu hərbi əməliyyatını bizə xatırladan fotosu müzəffər sərkərdənin, qalib ordunun və qalib xalqın əzəmətini təcəssüm etdirir. Əslində, bu qələbənin qazanılmasının əsasında güclü dövlət quruculuğuna ömrünü həsr edən ulu öndər Heydər Əliyevin imzası var və biz bunun fərqindəydik. Ona görə də xalqımızı addım-addım qələbəyə aparan 44 günlük müharibəni təsvir edən jurnalın elə ilk səhfəsindəcə ulu öndəri “Hörmətlə anır, ehtiramla yad edirik”, onun qurduğu ordunun torpaqlarımızda bayrağımızı dalğalandırdığını müjdələyirik.
Hər bir rubrika, hər bir başlıq Vətən müharibəsində əldə etdiyimiz qələbənin sevincini, qürurunu ifadə edir oxucuya.
Prezident İlham Əliyevin “Zəfər bizimdir!” sözlərindən ilhamlandıq, müharibənin ilk günü xalqa etdiyi müraciəti bu başlıqla yazdıq, müharibəmi, yoxsa yenə atəşkəsmi olacaq xəbəri Təhlükəsizlik Şurasının İclasından sonra bəlli olacaqdı – bunu səhifəmizə daşıdıq.

Oxucu jurnalda terroru dövlət siyasətinə çevirən ermənilərin mülki əhaliyə, dinc sakinlərə qarşı vəhşiliyini anladan araşdırma yazısını, müharibə vaxtı Gəncənin, Bərdənin, Tərtərin yaşayış məskənlərinə hücumlarını oxuya, yaddaşını təzələyə bilər. Qələbə Paradında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın jurnalımızın səhifələrində yer alan çıxışları tarixə şahidlik edəcək, tarixçilər bu nitqlərə istinad edəcəklər.
Müharibəni və qələbəni sətir-sətir yazmağa, tarixi xronologiyanı qorumağa çalışdıq və buna nə dərəcədə nail olduğumuzu, əlbəttə ki, oxucularımız deyə bilər.
Jurnalda mövzular bunlarla bitmir – qələbə şəhid qanıyla qazanılır. Biz də şəhidlərimizin xatirəsinə hörmət olsun deyə DİN Daxili Qoşunlarının nur üzlü 66 şəhidinin rəsmini səhifəmizə, adlarını qəlbimizə həkk etdik, şəhid və qazi ailələrini ziyarət edən polisin diqqət və qayğısını çatdırdıq, azad edilmiş torpaqlarda xidmət edən əməkdaşlarımıza açıq məktub ünvanladıq. Xəyalən yolumuzu işğaldan azad olunan və bu gün “Ruhlar şəhəri” kimi görənləri təəccübləndirən Ağdamdan saldıq.
Bu gün isə artıq Şuşada bayram tonqalları qalamışıq. İnanırıq ki, zəfər coşqusuyla ərsəyə gələn jurnalımızın bu nömrəsində boy verən qələbə ovqatımız gələcək saylarımıza da hakim olacaq, oxucularımızın gözünü, könlünü oxşayacaq.

"Polis"

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər