Logotype

1933-cü ildən çıxır

Xəbərlər

26.01.2021

Şəhidimizlə vida mərasimi keçirilib

1988-ci ildən başlayan, regionda qarşısıalınmaz fəlakətə çevrilən Ermənistanın Azərbaycana elan olunmamış müharibəsi nəticəsində torpaqlarımızın iyirmi faizi işğal olundu. Güclü ordunun və vahid komandanlığın olmaması faciələrə yol açdı. Ancaq ulu öndər Heydər Əliyevin yenidən ali hakimiyyətə qayıdışı xalqın inamını özünə qaytardı. Aparılan ordu quruculuğu həmin illərdə formalaşan DİN Daxili Qoşunlarının da təkmilləşməsinə şərait yaratdı. Görülən işlər öz bəhrəsini verdi. Milli ordu ilə birlikdə düşmən üzərinə hücuma keçən Daxili Qoşunların hərbi qulluqçuları Horadiz və ətraf kəndləri işğaldan azad etməklə qəhrəmanlıq salnaməmizin qanlı və şanlı səhfəsini yazdılar.
Birinci Qarabağ müharibəsində ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə Qoşunların 672 hərbi qulluqçusu şəhid oldu, 1173-ü yaralandı, qazi oldu.
Sentyabrın 27-də başlayan Vətən savaşı Daxili Qoşunlara yarım qalan mübarizəsini qaldığı yerdən davam etdirmək imkanı verdi və hərbi qulluqçularımız düşmənə qarşı növbəti dəfə rəşadətlə vuruşdular. Qoşunların şəxsi heyəti torpaqlarımızı düşmən tapdağından azad etmək üçün ona doğma olan səngərə, obrazlı desək, doğulduğu səngərə dönmüşdü...

Qarabağdakı son milli davamızda 65 hərbi qulluqçumuz şəhid olmuşdu... 66 oldu. Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçusu, çavuş Elşən Quluzadə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə ağır yaralandığına görə tibb müəssisəsinə yerləşdirilmişdi. Həkimlərin bütün səylərinə baxmayaraq, o, yanvarın 21-də şəhidlik zirvəsinə ucaldı.
Şəhidimizlə vida mərasimində Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov və nazir müavinləri iştirak ediblər.

Şəhid Elşən Quluzadənin cənazəsi dəfn edilməsi üçün həmin gün polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçularının müşayiətilə doğulub boya-başa çatdığı Füzuli rayonuna yola salınıb.
Bu müharibə bir daha göstərdi ki, maddi-texniki təminatın və hərbi qulluqçuların həyat şəraitinin ölkə və DİN rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılması şəxsi heyətin döyüş qabiliyyətini, döyüş ruhunu kifayət qədər yüksəldib. Qarşıya qoyulmuş tapşırıqların tam və keyfiyyətlə yerinə yetirilməsi sübut etdi ki, DİN Daxili Qoşunlarının şəxsi heyəti dövlətə, dövlətçiliyə, xalqa məhəbbət və sədaqət ruhuna sahibdir. Hərbçilərimiz xalqın əmin-amanlığı, Vətənin bütövlüyü uğrunda canlarından keçməyə hər an hazır, cəsur, qorxmaz və mərddirlər.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər