Logotype

1933-cü ildən çıxır

Xəbərlər

22.12.2020

Polis kimi yaşamaq...

Polis əməkdaşı “qanun keşikçisi” epitetini həyat tərzilə də ifadə edir
Polis peşəsinin çətin və şərəfli xidmət sahəsi kimi xarakterizə edilməsini müxtəlif cür izah etmək olar. Ola bilsin kimin üçünsə gərgin zehni və fiziki iş xüsusiyyəti xidmətin çətinliyi, vətəndaşa, dövlətə xidmət etmək missiyası isə onun verdiyi şərəf duyğusudur. Bu, doğru təsbitdir, amma hamısı da deyil, artırmaq mümkündür.

Bu peşəni seçənlər yaxşı bilir ki, polis əməkdaşının xidmət reqlamenti yoxdur, iş rejimi qanunla müəyyən edilmiş saatda bitmir. Təqvimdə bəzi günlər başqa peşə sahibləri üçün bayramdır, istirahət vaxtıdır. Və yaxud da, ad günün qeyd edən qızın atası, qardaşı, anası onun yanında istənilən qədər ola bilir və heç kəs bunda qeyri-adilik axtarmır.
Valideyni polis olan uşağın isə heç vaxt belə imkanı olmur. O, bilir ki, ata gəlməyəcək - xidmətdədir, bilir ki, yolu çoxları kimi keçmək olmaz - yanındakı qardaşı polisdir, mütləq irad tutacaq, bilir ki, səhər oyananda artıq valideyni evdə olmayacaq - hardasa hadisə yerindədir. Polis övladı başqa uşaqlardan fərqli düşünür, anlayır ki, özünü ad gününə çatdıra bilməyən ata bütün gecə onun və onun kimi uşaqların şirin yuxusunun küçədə keşiyini çəkib...
Bu peşənin polis əməkdaşına öyrətdiyi vərdişlər onda özünəməxsus həyat tərzi formalaşdırır və bu, onun ailə üzvlərindən də yan keçmir. Çətinliyi bütün ailənin çətinliyidir - təbii ki, şərəfi də!

Polis haqqında ilkin təsəvvürü qanun keşikçisi epiteti yaradır. Bu ifadə özlüyündə çox şey demək olsa da, bütün fikri də əhatə etmir. Çünki polis “qanun keşikçisi”ni yalnız inzibatçı kimi deyil, həyat tərzilə də ifadə edir və yaxud etməlidir.
Deməli, polis əməkdaşının məsuliyyəti onun gündəlik xidməti fəaliyyəti ilə məhdudlaşmır, xidmətdənkənar fəaliyyəti də eyni dərəcədə məsuliyyət tələb edir. İş vaxtı da, işdən sonra da polis əməkdaşı cəmiyyət içində olur və ondan gözlənilən davranış tələbləri dəyişməz olaraq qalır. Vətəndaşların köməyinə tələsmək, onların hüquqlarını və qanuni maraqlarını qorumağa diqqətlə yanaşmaq polis əməkdaşının xarakterik keyfiyyəti, ondan gözlənilən, tələb olunan məziyyət və məsuliyyətin bir parçasıdır. İstər xidməti formada, istərsə də mülki geyimdə polis əməkdaşı hər yerdə, hər zaman onu tanıyanların nəzərində yaxşı insan, həssas qonşu, nümunəvi ailə başçısı, qanunlar çərçivəsində yaşayan vətəndaş kimi yadda qalmalıdır. Bunu bacarmayan heç bu peşəni seçmir də.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər