Logotype

1933-cü ildən çıxır

Xəbərlər

01.12.2020

Daha bir qələbə üçün vuruşaq!

Görünməz düşmən COVID-19 virusunun yayılmasının qarşısını almaq hər bir vətəndaşın məsuliyyətidir

Hər birimiz İkinci Qarabağ müharibəsində əldə etdiyimiz tarixi qələbənin qürurunu yaşayır, bu zəfərin qalibləri olaraq iftixar hissi keçiririk.
Qarabağ cəbhəsində qazanılan qələbəni şərtləndirən əsas amillərdən biri kimi, heç şübhəsiz, birlik və həmrəyliyin, xalq olaraq vahid məqsədə istiqamətlənməyin müstəsna rolu oldu. Qarabağ cəbhəsində hərbi əməliyyatlar artıq başa çatıb, amma yenə də həmrəyliyimizi qorumağa ciddi ehtiyac var. Çünki qarşımızda xalq, ölkə, vətəndaş olaraq daha bir cəbhədə qalib gəlmək vəzifəsi dayanır.
Koronavirus epidemiyası özümüz, ailəmiz, cəmiyyətimiz üçün ciddi təhdid təşkil etdiyinə görə ona qarşı mübarizə aparmaq səngərdəki qələbə qədər əhəmiyyətlidir. Üstəlik, pandemiyanın yaratdığı təhlükə, ziyan hər ötən gün artır. Düşmənə qarşı qətiyyət və rəşadətlə vuruşub zəfər əldə edən hərbçilərimiz kimi, biz də, virusa tam qalib gəlmək üçün şəxsi əzmkarlıq göstərməli, necə deyərlər, sonadək vuruşmalıyıq.
Əslində, bunun üçün xüsusi bir qəhramanlıq, şücaət də tələb olunmur. COVID-19-a qarşı fərdi mübarizə tibbi maskadan düzgün istifadə etmək, şəxsi gigiyena qaydalarına əməl etmək və sosial məsafə saxlamaq kimi sadə hərəkətlərdən ibarətdir. Nəzərə almaq lazımdır ki, adi diqqətsizlik yoluxma, yoluxdurma riskini qaçılmaz edir. Aparılan tibbi araşdırmalara görə, virus ağ ciyərlərə ağız və burundan keçir, ancaq burundan ötürülmə ağızdan daha asan, daha sürətli və daha təhlükəlidir. Deməli, mütləq maskalardan burnumuzu bağlayan formada istifadə etməliyik. Adi qaydadır, amma həyati önəm daşıyır.
Pandemiyanın qarşısını almaq üçün hər birimizdən maksimum dərəcədə məsuliyyətli olmaq tələb olunur. Bu yalnız mənəvi məsuliyyət deyil, yeri gəlir, karantin qaydalarını pozmaq ciddi qanun pozuntusu olmaqla hüquqi məsuliyyət də yaradır və bu zaman, şəxsin məsuliyyəti ikiqat artır. Təəssüf ki, virusa yoluxan şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunur ki, bu da əhalinin sağlamlığını qorumaq məqsədilə indiyədək keçirilən tədbirlərin səmərəliliyinə xələl gətirən faktlardır. Ötən bir neçə günün nəticələrinə nəzər yetirsək arzuolunmaz mənzərənin şahidi olarıq. Belə ki, polis əməkdaşları tərəfindən dekabrın 14-də 51, ondan əvvəlki günlərdə isə bir o qədər də aktiv COVID-19 xəstəsi ictimai yerdə müəyyən olunaraq saxlanılıb və əksəriyyəti barədə cinayət işi başlanılıb.
Bəlkə də belə hallar ona görə baş verir ki, koronavirus epidemiyasına qripin ağır formasıdır deyib, təhlükəyə laqeyd yanaşırıq. Virus isə yayıldıqca yaxınlarımızı, əzizlərimizi itirmək təhlükəsi bizə daha da yaxınlaşır. Bu mübarizədə həm də ağ xalatlı xilaskarlarımızı - həkimlərimizi itiririk. O fədakar insanların ömürlərinin yarım qalmasında epidemiya əleyhinə qaydalara əməl etməyənlərin, səhlənkarlıq göstərənlərin diqqətsizliyi, laqeydliyi var. Kimsə maska taxmadığına, gigiyenik qaydalara əməl etmədiyinə görə, özü də bilmədən başqasının həyatını itirməsinə bais olub və ya olur. Halbuki, hər birimizdən yalnız bir tələb var: özümüzü, yaxınlarımızı qoruyaq. Biz bununla həkimlərə, dövlətə pandemiya ilə mübarizədə böyük dayaq olmuş olarıq.
Dövlət pandemiyaya qarşı resurslarını səfərbər edir, ehtiyatlarını xəstəliklə mübarizəyə sərf etməli olur. Bu, elə bir zamanda baş verir ki, uzun illərdir həsrətində olduğumuz Qarabağı yenidən həyata qaytarmaq lazımdır. Hər birimiz arzulayırıq ki, düşmənin viran qoyduğu o torpaqlar yenidən canlansın, o yerlərə həyat gəlsin, dağıdılan, yağmalanan kəndlər, qəsəbələr, şəhərlər, yurd-yuvalar yenidən tikilsin. Deməli, dövlətə gücünü səmərəli istifadə etməsinə biz də yardımçı olmalıyıq və hazırda bunun yolu, ilk növbədə, hər bir vətəndaşın COVID-19 infeksiyasına qarşı mübarizədə daha məsuliyyətli olmasıdır. Bu mübarizədə heç kimin öz məsuliyyətini inkar etmək haqqı yoxdur.

R.Mehtiyev
polis baş serjantı

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər